Dünyanı uşağa göyqurşağı kimi göstərmək düzgün deyil - PSİXOLOQ AÇIQLADI

Dünyanı uşağa göyqurşağı kimi göstərmək düzgün deyil - PSİXOLOQ AÇIQLADI

“Ümumiyyətlə, uşaq dünyaya gətirmək arzuolunan olmalıdır. Arzuolunan övladla bağlı insanın məqsədləri, istəkləri olur. Onun sağlam bir şəxsiyyət kimi böyüməsi üçün valideyn əlindən gələni əsirgəmir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, bu aspektdən də ilk öncə valideyn olmağa hazır olmaq lazımdır: “İlk bu statusa hazır olmaq, sonra isə artıq valideyn olmağa hazır olmaq lazımdır. Çünki övlad dünyaya gətirdikdə ən vacib şərt onun dünyada sağlam böyüməsi, sağlam psixikaya sahib bir şəxsiyyət kimi inkişafı üçün genetik faktorlarla paralel olaraq psixoloji faktorlara da önəm verilir. Bunun üçün də valideynlərdən çox böyük məsuliyyət tələb olunur. Hər cinsə uyğun olaraq uşaq düzgün şəkildə tərbiyə olunmalıdır.
Düzgün psixologiyaya sahib olması, bu dünyaya bələd olması üçün həyati bilgiləri uşağa düzgün aşılamaq lazımdır. Çünki biz bəzən övladlarımıza tərbiyə verməyi unudub, psixoloji və pedaqoji baxımdan daha çox peşəmizlə, əlavə işlərlə günümüzü keçiririk. Amma bu zaman balaca bir fərdin necə, hansı formada böyüdüyünün fərqinə varmaya bilərik. Bunu düzgün idarə edə bilmədikdə isə cəmiyyətdə qeyri-adekvat davranışlara sahib insanlar yetişir. Bunlar da müəyyən bir davranış pozuntusu ilə cəmiyyətdə yaşamalı olurlar. Buna görə də valideynin özünün sərgilədiyi davranışlar uşaq üçün güzgü obrazıdır. Valideynlər ilk öncə özlərinin danışıqlarına, hərəkətlərinə diqqət etməlidirlər ki, böyüməkdə olan uşaq da onlardan müsbət mənada yararlanıb, örnək götürə bilsin. Hansı ki, bu örnəyi də daha sonra cəmiyyətdə düzgün təmsil edə bilsin.

Əfsuslar olsun ki, bütün ailələrdə bu proses eyni tərzdə cərəyan etmir. Müxtəlif ailələr, müxtəlif tərbiyələr var. Bəzi ailələrdə ümumiyyətlə uşağa diqqət aşağl səviyyədədir və uşaq kor təbii şəkildə böyüyür. Bir qismi 20 faiz maraqlanır, qalan 80 faiz nümunəni uşaq cəmiyyətin özündən götürür.
Valideynlərin işə başları qarışdığı üçün uşaqlarının hansı şəraitdə, necə böyüdüklərini onların gün ərzində hansı hisslər keçirdiyi, hansı problemlərlə üzləşdiklərini də bilmirlər.

Bəzi ailələrdə isə valideynlər uşağa ifrat dərəcədə diqqət ayırırlar. Bu cür diqqət isə bəzən mükəmməlliyyətçiliyə də gətirib çıxarır. Sanki hər şeyi özləri edirlər ki, uşaqları əziyyət çəkməsin, yaxşı yaşasınlar. Lakin başa düşmək lazımdır ki, uşağın düzgün tərbiyəsi üçün uşağa bu dünyanı göyqurşağı kimi göstərmək də düzgün hesab olunmur. Həyatın hər üzünü, qarşılaşa biləcəyi çətinlikləri, bu zaman çıxış yollarını izah etmək lazımdır. Yəni uşaq həyatda çətin anların da olduğunu və bu zaman hər çətinlikdən sarsılmamaq lazım olduğunu da başa düşməlidir. Bu çətinliklərdə düzgün yola seçə bilmək üçün isə uşağa sağlam təfəkkürə malik valideyn lazımdır. Övlad böyütmək üçün dünya öz qapılarını açır və yolu da valideynlər seçir. O yol, seçim də insanın təfəkkür potensialına uyğun olur.

Sağlam təfəkkürlü uşaqlar böyütmək üçün onlara həyatın hər üzünü izah etmək, hər yaşın inkişaf dinamikasına uyğun olaraq doğruları söyləmək lazımdır. Eyni zamanda, ən vacib məqamlardan biri də uşağa özünü sevməyi öyrətmək lazımdır. Bu zaman uşaq daha özgüvənli və cəmiyyətə daha açıq bir fərd olaraq inkişaf edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə