Bu günlərdə zeytunla bağlı maraqlı bir söhbətin iştirakçısı oldum. Onun özünün, hətta yarpaqlarının belə faydalarından danışmaqla yanaşı, Bakıda və rayonlarımızdakı zeytun bağlarından, yol kənarlarında, hətta həyətlərimizdəki zeytun ağaclarından, ağacların altında palçığa qarışmaqla ömrünü torpağa tapşıran, məhv olan tonlarla meyvədən də söhbət açıldı. Zeytun ağaclarının çiçək açması ərəfəsində həmin söhbətlə sanki bir yolçuluğa çıxdım. Qarşılaşdığım insanlar, gördüyüm mənzərələr, rastlaşdığım hadisələr bu söhbətin fonunda bir-bir gözlərim önündə canlandı. Və bütün bunların nəticəsi olaraq belə bir yazı yazmaq qərarına gəldim.
İşləmək istəyirikmi?..
Aramızda işsizlikdən, ehtiyacdan gileylənən çox sayda insanlar var. Hətta hər gün əl açıb dilənən adamlarla da qarşılaşırıq. Ancaq belələri nədənsə nə üçün işsizdir, bir məşğuliyyəti yoxdur, niyə dilənir suallarının cavabında özünü yox, cəmiyyəti günahlandırırlar. Hansı ki, bu cür problemlərdə günahkar yalnız özləridir. Ona görə özləridir ki, bəzi insanlar həyatını qurmağı bacarmır, nəyi necə etmək lazım olduğunu bilmir. Buna görə də çətinliklər qarşısında qalır, problemlər məngənəsində sıxılırlar. Səbəb isə yalnız özü, tənbəlliyi, az gəlirlə, zəhmət tələb edən işlərlə razılaşmamasıdır. Belə olanda isə günlərlə, aylarla evdə oturur, yaxın qohum-əqrəbanın yardımı, həyat yoldaşının və ya övladının qazandığı az maaşla bir təhər keçinirlər. Bu, tək ailə başçılarına deyil, işləmək qabiliyyəti olan, lakin asan bir iş axtaran, bu üzdən də əziyyət çəkən hər bir ailə üzvünə aiddir.
Problem nədir? Odur ki, insanlar var ki, bir işə düzələnə kimi gündəlik qazanc əldə etmək üçün səy göstərmir, ancaq gözləmə mövqeyində qalırlar. Hansı ki, bir qədər cəhd göstərməklə ailənin dolanışığını təmin etmək, ehtiyaclarını müəyyən qədər ödəmək olar.
Ulu Yaradan bizə saysız gözəl və zəngin nemətlər bəxş edib. Lakin biz onları çox vaxt dəyərləndirə, istifadə edə bilmirik. Götürək elə zeytunu. Faydası haqqında günlərlə danışa biləcəyimiz zeytunu. Bağlarda, küçələrdə, hətta evimizin həyətində zeytun ağacları var ki, meyvəsi üzərində qışı da görür, baharı da. Tökülüb ağacların altında qalır. Palçığa qarışıb məhv olur. Biz nə edirik? O ağacların yanından heç bu neməti görməyibmiş kimi keçir, əhəmiyyət belə vermədən evə yollanır, oturur, oturur, nə vaxtsa bir iş tapacağımızı gözləyirik. Yaxud da ki, həmin ağacların yanından ötərək insanların sıx olduğu yerlərə dilənmək üçün yollanırıq.
Allahın verdiyi neməti ayaqlayıb keçir, evdə səhəri axşam edir, yaxud da günəşin, yağışın, küləyin qabağında saatlarla əl açıb kimlərdənsə kömək dilənirik. Hansı ki, həmin yanından ötdüyümüz zeytunlar çıxış yolu ola bilər. Tökülüb ağacların altında qalan zeytunun marketlərdə, bazarlarda qiymətindən yəqin ki, hər kəs məlumatlıdır. Duza qoyulmuş bir ovuc zeytunu neçəyə alırıq? Heç bu barədə düşünən varmı? Belə isə nə üçün bu nemətin yanından laqeydcəsinə keçib dilənməyə üz tuturuq? Nə üçün küçələrdə tökülüb gedən bu neməti görmürük? Bəzən bir çörək almağa qəpik tapa bilmirik. Zeytun ağaclarının altına tökülən meyvələr qəpik deyilmi? Yığ yığa bildikcə... Qəpik üçün insanlara uzanan əlləri zeytun ağaclarına aç, əziyyət çək, yığ, duza qoy, bazara çıxar. Həm vaxtını, həm ailə büdcəni dəyərləndir.
Bəs biz nə edirik? Asan qazanc yolları axtarırıq, vaxtımızı az gəlir gələn işlərə sərf etmək istəmir, “əşi, ondan nə gələcək”,- deyirik. Oturub gözləyirik ki, nə vaxtsa işə düzələrik, oradan gələn maaşla bir təhər dolanarıq. Və yaxud da ki, lap asan vasitə- küçədə dilənməyi üstün tuturuq. Bu yolla gündəlik çörək pulu qazanmağı heç də qüsur hesab etmirik. Nə qədər gözləmək, nə qədər dilənmək olar? Nə qədər başqaları hesabına yaşamaq olar? Axı insan həyatını müəyyən bir iş üzərində qurmalıdır. Çalışmalı, cəhd etməli, zəhmət çəkməlidir. Bunu etmək istəyənlər də, sadəcə dilənməyi üstün tutanlar da kənardan o qədər aydın şəkildə görünür ki...
Eyni küçədə üç qadın...
Hər gün işə gəlib-gedərkən keçdiyim küçədə təxminən eyni yaşda qadınlarla qarşılaşıram. Biri hər gün balaca masanın üzərinə dərman bitkiləri, dəfnə yarpağı, üzərlik, süd, yumurta qoyub satır. Bir qədər aralıda başqa bir qadın əlində corab, qarşısında üzərlik dəstələri... Yoldan keçənlərdən dayanmadan-durmadan xahiş edir ki, alsınlar, ondan bir qədər aralıda isə digər qadın əlini açıb dilənir. İnsanlardan ona yardım etməsini, azyaşlı uşaqları olduğunu, ehtiyac içərisində yaşadığını bildirir, kömək umur. Hələ bəzən qucağında uşaq da olur. Havanın isti-soyuğunda, səhərin sazağında hətta körpəsini də əməlinə alət edir. Baxırsan ki, bu qadın aralıdakı həmin qadınlardan dəfələrlə gümrahdır, heç bir fiziki qüsuru yoxdur, iş qabiliyyəti yerindədir.
Qısa bir məsafədə üç qadın, üç tale, üç həyat, üç iş sahəsi var. Bir-birindən fərqli... Qadınların biri sakitcə, heç bir çağırış etmədən satır, artıq müəyyən qədər alıcıları da var. Digər qadın da satır, lakin almaları üçün insanlardan xahiş edir. Çünki düşünür ki, satdığı cəmi iki çeşiddən ibarətdir, bu da hər kəsə lazım olmaya bilər. Ona görə ehtiyacını dilə gətirir, alıcı diqqəti cəlb etmək üçün. Üçüncü qadın isə əl açıb dilənir. Görünür yaxınlıqdakı qadınlar ona heç cür nümunə ola bilmirlər. Hər gün onları görə-görə, üz-üzə, göz-gözə gələ-gələ nə üçün onlara oxşamaq istəmir, niyə o da həmin qadınlar kimi çörəyini halallıqla, öz zəhməti ilə qazanmaq istəmir, anlamaq çətindir.
Düşünürəm ki, dilənməkdənsə, bax küçələrdə ağacların altında məhv olan zeytunları toplayıb duza qoyub, belə yol kənarlarında satmaqla xeyli gəlir əldə etmək olar. Bu halda digər qadınlar kimi ən azından zəhmətinlə nə isə qazanmış olarsan, dilənməklə yox. Belə isə dilənməyə uzanan əllərimizi niyə Allahın nemətlərinə uzatmayaq?
İstədin verdilər, yaxud verdilər aldın...
Teodor Drayzerin “Kerri bacı” əsərindən belə bir deyim yadımda qalıb: hər ikisi dilənməkdir, istədin verdilər, yaxud verdilər aldın. Yəni əl açıb dilənərkən bunu dilinlə istəsən də, sakitcə bir kənarda dayanıb istəmək üçün əl açsan da, hər ikisi eyni mənanı izhar edir. Ya istədin aldın, ya verdilər aldın, sonda dilənirsən. Qürurundan keçirsən. Dilinlə istəməsən də, uzanan əlin qürurunu baltalayır. Səni yanından ötən yüzlərlə insanın qarşısında alçaldır. Nə üçün istəməlisən? Nə üçün başqalarından kömək ummalısan?
Dilənməyi bir kənara qoyaq. Yuxarıda haqqında danışdığımız evdə yatıb nə vaxtsa işə düzəlməsinə ümid edənlərdən deyək. O ümid edənlər ki, yaxın qohum-əqrəbalarının yardımı olmasa, ailəsi nə vəziyyətə düşər, deyə bilmirəm. Elə bunun özü də dilənməyə bənzər bir məsələdir. Çünki verirlər, alırsan.
Bəs müqəddəs İslam nə deyir. Dinimizə əsasən fiziki qüsuru olmayan, iş qabiliyyətli insanın dilənməsi qəti qadağandır. Bu, böyük günahdır. Rəsulullah(s) buyurub: Hər bir insan dilənçilik üçün üzünə bir qapı açsa, Allah-Təala onun üzünə 70 fəqirlik qapı açar.
Belə isə evdə oturub kimdənsə kömək gözləmək, küçələrdə dilənmək əvəzinə bir az hərəkət etmək lazımdır. İstər zeytun, istər yuxarıda haqqında danışdığım qadınların satdıqları kimi nə isə satmaqla-zəhmətlə qazanmaq lazımdır. Bir gün heç nə sata bilməsən belə, sabaha ümidlə baxmalı, bunun üçün yenə də evdən eyni ümidlə çaxmalısan. Çünki Allah-Təala da zəhmətkeşi sevir, “səndən hərəkət, məndən bərəkət”,- deyir.
Ulu Yaradanın bizə verdiyi bu qədər nemətlər ola-ola əllərimizi dilənməyə uzatmaq günahdır. Kimlərdənsə nə isə ummaq günahdır. Kimlərinsə yardımını gözləmək qəbahətdir. Çünki bu, dilənməkdir, istədin verdilər, ya verdilər aldın misalı kimi...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB