Heç kimə mətbuatla mübarizə, düşmənçilik aparmağı arzulamıram - MEDİA KAPİTANLARI AÇIQLADI
Jurnalistlər daha çox qaynar yerlərdə, hadisələrin mərkəz yerlərində olduğu üçün bunların təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. Ümumiyyətlə jurnalistlər hücuma məruz qaldıqları zaman özlərini müdafiə etməyi, öz hüquqlarını qorumağı bacarmalıdırlar. Bəs, bu proses necə tənzimlənməlidir?
SİA mövzu ilə bağlı media kapitanlarının fikirlərini öyrənməyə çalışıb. Gəlin görək, media kapitanları bu məsələ ilə bağlı nə düşünürlər?
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev: "Həmkarımız Aytən Məmmədovanın üzləşdiyi hadisəyə çox təəssüflənirəm. Jurnalistin peşə fəaliyyətinə gərə təhdid edilməsi çox narahatedici faktdır. Düşünürəm ki, bu, təkcə, media ictimaiyyətini deyil, ümumilikdə dövlətimizi də narahat etməlidir. Azərbaycan kimi bir ölkədə kriminal ünsürlərin at oynatması, heç nədən çəkinmədən bir xanım jurnalistə bıçaq çəkilməsi heç də xoşagələn bir olay deyil. Belə hallarda jurnalistlərin necə davranmasına gəlincə, əslində ekstremal situasiya olduğundan konkret nəsə demək çətindir. Mənim fikrimcə, belə hallarla üzləşən jurnalist ilk növbədə təhlükəsizliyi haqqında düşünməli, özünü müdafiə etməyə çalışmalıdır. Cinayətkardan yaxa qurtardıqdan sonra isə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməli, məsələni ictimailəşdirməli və cinayətkarın aşkar edilib cəzalandırılmasını tələb etməlidir. Prinsipcə Aytən xanım da elə bu cür davranıb. Ümid edirəm ki, hadisəni tərədən şəxs, sifarişi verənlər tezliklə aşkarlanacaq və layiqli cəzasını alacaq".
"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə: "Jurnalistlə “hədə” dilində danışmağın, jurnalisti təhdid etməyin əleyhinəyəm. Azərbaycan demokratik bir ölkədir. Hər bir peşə sahibi kimi, jurnalist öz vəzifəsini yerinə yetirməlidir. Heç bir şəxs jurnalistin vəzifəsini yerinə yetirməsinə mane ola bilməz. Xüsusilə bu hədə-qorxu yolu ilə olursa, jurnalistin üzərinə bıçaq çıxarırsa, artıq bu əməldə cinayət tərkibi var. Bu işlə məşğul olan adamlar və yaxud qrupların hamısı müəyyənləşdirilməli və qanun qarşısında cavab verməlidirlər. Hadisənin motivlərini tam olaraq bilmirik. Amma istənilən halda tanınmış bir jurnalistdən söhbət gedir. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq, kimlərin məsuliyyət daşıdığını müəyyən edəcək və müvafiq tədbirlər görüləcək. Heç kimə mətbuatla mübarizə, düşmənçilik aparmağı arzulamıram. Hərənin öz vəzifəsi var. Bizim də vəzifəmiz informasiya yazmaq, cəmiyyəti məlumatlandırmaq və maarifləndirməkdir. Mətbuat 4-cü hakimiyyətdir. Demokratik ab-havanın yaranmasında mətbuatın müstəsna xidmətləri var. Cəmiyyətdən müxtəlif səslər, kimin xoşuna gəlsə də, gəlməsə də eşidilməlidir. Fərqli səsləri və düşüncəni boğmaq olmaz. Bir jurnalist kimi arzulayıram ki, təqsirkarlar tezliklə tapılsın və layiq olduqları cəzanı alsınlar. Bu, mətbuatla hədə dilində danışmaq istəyən başqalarına da dərs olsun. Sonda bildirmək istəyirəm ki, təzyiqə məruz qalan jurnalist hüquqi müstəvidə mübarizəni davam etdirməlidir. Rəsmi qurumların reaksiyası cinayətkarın tapılıb cəzalandırılacağına ümidi artırır".
"Demokrat.az" saytının baş redaktoru Vasif Həsənli: "Jurnalistlərin peşə etikası və davranış qaydaları var. Jurnalist hücuma məruz qalan zaman redaksiyasına və polisə məlumat verməli vəə bu hadisə ictimailəşdirilməlidir. Aidiyyatı qurumlar bu məsələni araşdırmalıdır. Aytən Məmmədova hücuma məruz qalan zaman çox peşəkar davrandı. Redksiyasına və polisə məlumat verdi. Polis operativ şəkildə ondan izahat aldı və hazırda bu məsələ araşdırılır. Mediaının İnkişafı Agentliyi də operativ şəkildə bu məsələ ilə bağlı rekasiya verdi və mövqe bildirdi. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov da birbaşa Aytən Məmmədova ilə maraqlandı. Ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB