Xəzər dənizinin suyunun azalmasına səbəb nədir? - EKOLOQ ŞƏRH ETDİ

Xəzər dənizinin suyunun azalmasına səbəb nədir? - EKOLOQ ŞƏRH ETDİ

“Xəzər dənizinin suyunun azalması bu hövzənin qidalandırıcı mənbələrindən asılıdır. Bu mənbələr Xəzər dənizinə axan çaylardır. O çaylardan ən başlıcası isə Volqa çayıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib. Onun sözlərinə görə, bu qidalandırıcı mənbələrin bəzən Xəzər dənizinin səviyyəsini artırdığını müşahidə etmişik, müəyyən statistikalar da bunu sübut edir: “Bəzən isə hazırda da olduğu kimi, Xəzər dənizinin səviyyəsi azalan xətlə inkişaf edir. Bu isə, ilk növbədə, quraqlıqlarla əlaqədardır. Çünki çayların da qidalandırıcı mənbələri var və bunlardan da ən başlıcası bulaqlar və yağış sularıdır. Bulaqlar özləri də birbaşa yağıntı suları ilə əlaqədar olduğuna görə, bunların hamısını yağıntılarla əlaqələndirmək olar. Bunların hamısı çayların suyunun azalmasına səbəb olur. Beləliklə də, həmin çaylar da Xəzəri qidalandıra bilmirlər. Bunun nəticəsində də Xəzər dənizinin suyu azalmağa başlayır.

Xəzər dənizinin çirklənməsi isə həmin çaylar vasitəsilə axıdılan tullantı sularıdır. Bu çayların hövzəsində yerləşən bir çox sənaye müəssisələri öz tullantılarını çaylara axıdırlar. Beləliklə də onlar da Xəzərə axaraq, dənizin suyunun çirklənməsinə səbəb olurlar.

Xəzər dənizinin suyunu çirkləndirən digər mənbələr isə kanalizasiya sularıdır. Təbii ki, bunlar da məişət tullantılarına aid edilir. Kanalizasiya suları vaxtilə Azərbaycanın ərazindən də axıdılırdı. Sonradan onların səmti dəyişdirildi və su təmizləyicilər vasitəsilərdən istifadə olunmağa başlanıldı. Lakin bunların heç də hamısı təmizlənərək, axıdılmır. Xəzərin ətrafının monitorinqini sonadək aparan heç bir təşkilat olmayıb. Buna görə də bura axıdılam çirkləri ünvanlı şəkildə göstərmək mümkün olmur. Bir neçə il öncə biz Xəzər dənizinin Abşeron ərazisindəki sahəsini moritorinq etdik. O zaman biz xeyli miqdarda təmizlənmədən axıdılan çirkab və kanalizasiya suları müşahidə etmişdik. Bunların hər biri Xəzər dənizinin çirklənməsinə səbəb olan vasitələrdir. Təbii ki, bu çirkablar da müəyyən həyati təhlükələrə səbəb olurlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə