Son dövrlərdə ölkəmizdə məktəblilər arasında intihar hallarının sayı artıb. Deyəsən, dövr dəyişdikcə problemlər də dəyişir, ya da müasir gənclik bir çox problemin həll yolunu axtarmaq əvəzinə, onlar üçün ən asan yol olan intiharı seçirlər. Ömürlərinin ən gözəl çağında problemlərinin həlli yoxmuş kimi intihar edib həyatlarını məhv edirlər. Nəinki öz həyatlarını məhv edir, geriyə qalan ailələrini də bədbəxt edirlər. Bəs, görəsən, nə üçün ən kiçik bir problemdə intiharı düşünürlər? Onları buna nə məcbur edir? Bu problemlərin kökündə nə durur? SİA olaraq şəhər sakinləri arsında sorğu keçirdik:
Şəhər sakini Elmira Ağayeva: “Əslində, şagirdlərin intiharının ən böyük günahı valideynlərindədir. Uşaqları ilə maraqlanmırlar. Cəmiyyətdə baş verən hadisələr də uşaqları təhrik edir. Sosial şəbəkələr də uşaqların psixologiyasını pozur. Valideynlər uşaqları ilə maraqlanmalıdır, onlara zaman ayırmalıdırlar".
Şəhər sakini İntiqam Məmmədov: "Uşaqların psixologiyasını anlamaq çətindir. Gərək psixoloq yanına getsinlər. Məktəb psixoloqları, müəllimlər uşaqlarla maraqlanmalıdırlar. İntihara meyilli olmalarının səbəblərini psixoloqlar daha yaxşı bilər. Amma uşaqlarla da maraqlanmaq lazımdır".
Şəhər sakini Gülşad Məmmədova: "Ailədən çox şey asılıdır. Amma ən əsası sosial şəbəkələrdir. Cəmiyyətdə o qədər əxlaqsızlıqlar yayılıb ki, uşaqlar bunlardan xeyirli bir nəticə götürə bilməzlər. Ətraf mühit də onların həyatına, psixologiyasına təsir edir. Gərək valideynlər uşaqlarını nəzarətdə saxlasınlar".
Şəhər sakini İkram Qurbanov: "Ailə tərbiyəsi, müəllim tərbiyəsi olmalıdır. Uşaqlara düzgün təlim keçirilməlidir. İnternetin, sosial şəbəkələrin çox böyük təsiri vardır. Bunların hər biri uşaqların psixologiyasına təsir edir. Uşaqlara diqqətlə yanaşmaq lazımdır".
Şəhər sakini Günay Babayeva: "Düşünürəm ki, internetdən çox istifadə, xarici filmlər bunların hər biri uşaqların psixologiyasına təsir edir. Lazımlı, lazımsız hər şeyə baxırlar. Ölümü bu qədər asan hesab edirlər. Elə bilirlər ki, ölüm hər şeyə çarədir. Elə bilirlər ki, avropalaşmaq budur. Həm də valideynlər ilə uşaqlar arasında da ünsiyyət çox az olur, onlarla maraqlanmırlar".
Şəhər sakini Mukran İsmayılov: "İntihara meyil göstərmələrinin bir çox səbəbi ola bilər. Elə olur ki, valideynlər uşaqlarını çox sıxırlar. İndiki gənclər, uşaqlar hər şeyi özlərinə problem edirlər. Təbii ki, buna sosial şəbəkələrin, xüsusilə də "Tik-tok"-un çox böyük rolu var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB