Media işçilərinin məzuniyyətə çıxmasında ciddi problem var - MÜSAHİBƏ
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Ümumiyyətlə, Azərbaycanda mətbuata diqqət və qayğı hansı səviyyədədir?
- Ümumilikdə media sahəsi də daxil olmaqla Azərbaycan yeni tarixində istənilən bir sahənin adını çəksək istər-istəməz orada Ümummilli Lider Heydər Əliyevin adını vurğulayırıq. Çünki Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, onun qorunub-saxlanılması və iqtisadi, siyasi, sosial dayaqlarının yaradılması birmənalı şəkildə Ulu öndərin adı ilə bağlıdır. Hələ Azərbaycan sovet ittifaqının tərkibində olan zamanlarda Ümummilli Lider Heydər Əliyev elə addımlar atmışdı ki, gələcəkdə Azərbaycanın təməllərini möhkəmləndirə bilsin. Sovet ittifaqı dağılanda çox az respublika var idi ki, müstəqillik əldə etdikdən sonra öz iqtisadi müstəqilliyini təmin edə bildi. Azərbaycanda 70-80-ci illərdən başlayaraq elə iqtisadi siyasət yürüdülmüşdü, elə iqtisadi müəssisələr açılmışdı ki, Azərbaycan öz müstəqilliyini edəndə həmin resusrlar bizim iqtisadi təminatımız üçün başlıca rol oynadılar. Bütün bunların əsası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Media sahəsinə gəldikdə isə AXC-Müsavat dövründə Azərbaycanda medianın üzərinə qoyulan hərbi senzura davam edirdi. Azərbaycanda ilk dəfə senzuranın ləğv olunması, bunun qanuni hal alması və Konstitusiyanın tələbinə, normasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə baş verib. Bundan sonra 1998-ci ildə Ulu öndər Heydər Əliyevin birbaşa sərəncamı ilə Azərbaycanda senzura birdəfəlik olaraq ləğv olundu. 1999-cu ildə qəbul olunan "KİV haqqında" qanun nəinki Azərbaycanda, həmçinin Avropada ilk ən böyük liberal qanunlardan biridir. Xüsusilə vurğulamaq lazımdır ki, müstəqillik əldə etdiyimiz və demokratik inkişaf yoluna qədəm qoyduğumuz ilk dövrlərdə Azərbaycanın başı təlatümlərdə idi. Bütün bunlara baxmayaraq Ümummilli Lider Azərbaycanın demokratiya yolundan çıxmasına imkan vermədi. Yəni bütün çətinliklərə, təzyiqlərə, təsirlərə rəğmən Azərbaycanın demokratik yolunun inkişaf etməsini təmin etdi.
- Bu yaxınlarda "Media haqqında" yeni qanun layihəsi qəbul edildi. Artıq proseslərin işlək formaya çevrildiyini demək olarmı? Qarşıda bizi nələr gözləyir?
- Azərbaycanda media mühiti azaddır. Burada kütləvi informasiya vasitəsini təsis etmək, fəaliyyətə başlamaq üçün heç bir baryer yoxdur. Onlayn və çap media qurumları xüsusi lisenziya almadan sərbəst şəkildə öz fəaliyyətlərini qurub inkişaf etdirə bilərlər. Məsələ burasındadır ki, bu cür demokratik mühit, azadlıqlar bəzən KİV qurumları üçün ifrat dərəcəyə çevrilib. İnformasiya məkanı olaraq Azərbaycanın tutumu 6 min KİV qurumu üçün yetərli deyil. Hamı bilir ki, rəsmi statistikada 6 minə yaxın KİV qurumu olsa da, bu qurumların əksəriyyəti real fəaliyyət göstərmir. Dövlət media üçün hər hansı sosial proqramlar, güzəştlır tətbiq edəndə həmin adı olub özü olmayan KİV qurumları ortalığa çıxaraq bu güzəştlərə qarşı iddialar qaldırırdılar. "Media haqqında" yeni qanunun anlayışlar bölməsində bir neçə məsələlərə aydınlıq gətirilir. Bu anlayışdan sonra artıq kiminsə, jurnalistika sahəsində fəaliyyət göstərməyib, cibinə bir vəsiqə qoyub özünün jurnalist kimi təqdim etməsi artıq problemə çevrilir.
- Ümumilikdə medianın bugünkü vəziyyəti sizi qane edirmi?
- Məni kifayət qədər qane edir. Çünki bu gün Azərbaycanda medianın kifayət qədər üstünlükləri var. Müasir dünya trendləri baxımından yaxınlaşsaq, deyə bilərik ki, Azərbaycan həm peşəkar, həm alternativ informasiya mənbələri, həm də sosial media kifayət qədər inkişaf yolu keçib. Sadəcə olaraq burada inkişaf edən media qurumlarının institutlaşmasına, peşəkarlaşmasına, yardım göstərilməsinə ehtiyac var. Çünki media sahəsində inkişafın konkret olaraq həddi yoxdur. Bu inkişaf daimi və fasiləsiz getməlidir. Azərbaycan media məkanı o qədər çox çeşidlidir ki, burada peşəkarla qeyri-peşakarların sərhədi itib. Azərbaycanda medianın vəziyyətindən danışsaq, əgər, həmin 6 min KİV qurumu əhəatə edilsə, vəziyyət çox bərbad görünəcək. Amma biz onları ayırıb, konkret olaraq real fəaliyyət göstərən qurumları götürsək, Azərbaycan media sahəsində vəziyyət durulur.
- Bu gün qeyri-ixtisas sahibi olan şəxslər jurnalist kimi fəaliyyət göstəırirlər. Amma jurnalist ixtisasını bitirənlər şəxslər isə qıraqda qalır. Bu cür hallara sizin münasibətiniz necədir?
- Dünyanın hər yerində media açıq bir sahədir. Yəni hər bir sahədən gələn şəxslər jurnalist kimi fəaliyyət göstərə bilərlər. Dünya təcrübəsində də belədir ki, burada tibb işçisindən başlamış ən müxtəlif sahələrdə təhsil alan şəxslər var. Bu barədə ən bəyəndiyim model Almaniya modelidir. Əgər, peşəkar KİV qurumu qurulursa, orada açar şəxslərin mütləq şəkildə jurnalistika təhsili alması tələb olunur. İnformasiyanın yayımına sonuncu imza atan şəxslər jurnalistika təhsili olmalıdır. Amma digər kənar sahələrdən gələn şəxslərin təmsil olunması fəaliyyət göstərməsi normaldır. Bu gün Azərbaycanda ciddi şəkildə ümumilikdə bütün sahələrdə ekspert qıtlığı var. Birincisi ekspertlər çox azdır. İkincisi ortada olanların ən müxtəlif sahələrdə bəzi şəxslər çıxış edir. Məsələ burasındadır ki, ekspert anlayışı bizdə cılızlaşıb. Hesab edirəm ki, media təhsili verən, media sahəsində ekspertlik edən şəxslərin həqiqətən də keyfiyyət məsələsinə diqqət edilməlidir. Burada günah bir nəfərdə deyil. Bu məsələdə hamılıqla birləşib, nizam-intizam yaradılmalıdır.
- Bəs jurnalistlərin məzuniyyət məsələsinə necə yanaşırsınız, bu sahədəki problemin kökü nədədir?
- Bu problem zəncirvaridir. Jurnalistlər Həmkarlar İttifaqı olaraq media sahəsində baş verən hadisələrin illik monitorinqini aparırıq. Burada diqqəti çəkən məsələlərdən biri jurnalistlərin məzuniyyəti ilə bağlıdır. Azərbaycanda media işçilərinin normal şəkildə məzuniyyətə çıxmasında ciddi problem var. Qurumlarda əvəzedicilərin olmaması nəticəsində bəzi jurnalistlər illik məzuniyyət hüquqlarından imtina etməyə məcbur olurlar. Bu cür qurumlarda işçi qıtlığı olduğundan bəzi işçilərin artıq müxtəlif sahələrdə işlədilməsinə səbəb olur. Ümumiyyətlə bir insanı çox işlətməklə həmin işin keyfiyyəti aşağı düşür.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB