Hər kəs Şuşanın təmiz havasından bəhrələnməlidir - TƏƏSSÜRATLAR - SORĞU

Hər kəs Şuşanın təmiz havasından bəhrələnməlidir - TƏƏSSÜRATLAR - SORĞU

Qarabağ, xüsusilə də Şuşa deyildikdə bütün azərbaycanlıların ağlına ilk olaraq Xarıbülbül gəlir. Bəziləri üçün Xarıbülbül bir gül olsa belə, o Qarabağın simvolu, Şuşanın ruhunun göstəricisidir. Keçən il olduğu kimi, bu il də Şuşada “Xarıbülbül” festivalı keçiriləcək. Biz də SİA olaraq bu festivalla bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışdıq.

Şəhər sakini Daşqın Qəmbərov: “Ümumiyyətlə Qarabağ və onun gözü olan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir çox mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hazırda da müəyyən tədbirlər keçirilib. Bu tədbirlərin ən möhtəşəmi isə “Xarıbülbül” festivalıdır. Xarıbülbül Şuşanın və bütövlükdə Qarabağın simvoludur. Bu cür milli və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin də dünyada tanıdılmasında mühüm rol oynayır”.

Şəhər sakini Vəfa Vəliyeva: “Mən çox şadam ki, bu gün ölkəmizdə gözəl bayramlar keçirilib. Qarabağ artıq yenidən bizimdir. Mənim oğlum da Qarabağ müharibəsi iştirakçısıdır. Prezidentimiz tərəfindən 3 dəfə medala layiq görülüb. Mən istərdim ki, bütün xalqımızın iştirakı ilə keçiriləcək bu festivalların sayı artsın. Bu festivalın keçirilməsi çox böyük bir əhəmiyyətə malikdir. Bizim xalqımızı artıq bütün dünya cəsarətli bir xalq olaraq tanıyır”.

Şəhər sakini Balaş Bayramov: “Mən özüm Qarabağlıyam. Bəli, “Xarıbülbül” festivalı keçən il olduğu kimi bu il də keçiriləcək. Düzdür, keçən il hələ ilk açılış tədbiri olmasına baxmayaraq o cür möhtəşəm tədbir keçirilmişdi. Düşünürəm ki, artıq Şuşada bir çox quruculuq işləri görülüb və bu il daha möhtəşəm tədbirin keçirilməsi gözlənilir. Hər kəs gedib Şuşanın təmiz havasından bəhrələnməlidir”.

Şəhər sakini Tamara Mikayılova: “Festivalın keçiriləcəyini ötən il xəbərlərdə, bir çox televiziya proqramlarında görmüşdüm. Olduqca maraqlı görünürdü və mənim də diqqətimi çəkmişdi. Bu festival davamlı olaraq keçirilsə, nə vaxtsa mən də iştirak etmək istəyərəm. Eyni zamanda Şuşada keçirilən tədbirlərdə gənclərin iştirak etməsi məncə çox yaxşı olar”.

Şəhər sakini Taleh Mustafayev:
“Torpaqlarımızın işğaldan azad olunması çox əhəmiyyətli bir hadisədir. Lakin azad olunmuş torpaqlarımızın qısa bir müddət ərzində bu cür inkişaf etməsi və orada beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi isə daha böyük əhəmiyyətə sahibdir. Çünki ölkəmizin öz mədəniyyəti ilə dünya ölkələri arasında tanınması çox vacib bir məsələdir”.

Şəhər sakini Məlahət Ağayeva: “Uzun müddət işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunduqdan sonra qısa bir müddət ərzində bərpa, quruculuq işləri həyata keçirilir. Eyni zamanda burada bir çox əhəmiyyətli tədbirlər keçirilir. Bu tədbirlərdən biri də beynəlxalq əhəmiyyətə malik “Xarıbülbül” festivalının keçirilməsidir. Bu festival nəticəsində bizim bütün mədəniyyətimiz dünya üzrə tanıdılır”.

Şəhər sakini Orxan Əliyev: “"Xarıbülbül" festivalı Azərbaycan mədəniyyətinin əlamətdar hadisələrindən biridir. Azərbaycan mədəniyyətini, musiqisini dünyaya çatdıran ən önəmli tədbir sayılır. Bir daha bütün dünyaya Qarabağın Azərbaycana aid olduğunu sübut edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə