Psixoloji gərginlik ətrafdakılar üçün problem yarada bilərmi? - PSİXOLOQ DANIŞDI

Psixoloji gərginlik ətrafdakılar üçün problem yarada bilərmi? - PSİXOLOQ DANIŞDI

“Psixoloji gərginliyi olan insanlar öz daxili aləmlərində böyük bir gərginlik yaşayırlar. Bu gərginlik isə onların normal həyatlarına davam etməyə, işlərini görməyə imkan vermir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, həyatın bir çox sahələrində iş görmə qabiliyyətləri də zəifləyir: “Bu mənada, bu cür gərginlik onsuz da onların özlərinə yetəri qədər ziyan vurur. Lakin bu proses psixoloji gərginliyin artması müəyyən hallarda ətraf aləmə də öz mənfi təsirlərini göstərir. İlk növbədə, bu cür insanlar istəyərək və ya istəməyərək ətrafa neqativ enerji ötürürlər. Eyni zamanda, bu şəxslər insanlarla ünsiyyətdə də öz hisslərini cilovlaya bilmir, bəzən ehtiyac olmadığı təqdirdə belə səs tonlarını qaldırır və gərginliklərini büruzə verirlər.

Bəzən ətrafdakı insanların müsbət enerjiləri belə onlara pis təsir edir. Ətrafdakı şəxslərin gülüb, əylənməsini qəbul edə bilmirlər.

Lakin bəzi şəxslər isə gərginliklərini büruzə vermirlər, bunu gizli saxlamağa çalışırlar. Münbit şərait yaranan kimi isə öz psixoloji vəziyyətlərini sərgiləməyə davam edirlər.

Buna görə də mütləq şəkildə gərginliyin, bu cür psixoloji vəziyyətin səbəbini araşdırıb, kökündə dayanan problemi tapmaq lazımdır. Daha sonra isə problemin üzərində işləyərək gərginliyi aradan qaldırmaq vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə