Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı - Ulu Öndər Heydər Əliyev
1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası və ya qısaca YAP yaradılmışdı. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan bu siyasi partiya Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərmiş, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi rol oynayır. 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Ulu Öndər Heydər Əliyev olub. Müstəqilliyimizin ilk ayları, ilk illəri xalqımız üçün çox ağır, faciəvi idi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər. Yeni Azərbaycan Partiyasının ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir.
Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 800 minə yaxın üzvü olan YAP- ın xarici əlaqələri çox geni, ölkə daxilində mövqeləri çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Bu gün YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyət tərəfindən dərhal dəstəkləndi.
Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanması onun ümummilli partiya olduğunu bir daha sübut edir. Azərbaycan böyük infrastruktur layihələri həyata keçirilməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları ölkəmizə dəvət etməklə iqtisadi sahədə böyük uğurlar əldə etmişdir. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınır. Siyasi sabitlik baxımından Azərbaycan bir çox ölkələr üçün örnəkdir.
Yeniləşən cəmiyyətdə YAP həm keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olaraq tərəqqini təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Bundan irəli gələrək, 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”. Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir.
Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Partiyanın yeni hazırlanmış proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir. YAP hamı üçün layiqli həyat səviyyəsinin təmin olunmasını əsas hədəflərindən biri hesab edir. İnklüziv cəmiyyətin inkişafı və yüksək sosial rifahın təmin olunması, paytaxt və regionların tarazlı inkişafı, XXI əsrin tələblərinə uyğun elm və təhsil, əhalinin sağlamlığının təmin olunması və yüksəkkeyfiyyətli səhiyyə, gender bərabərliyi və ailə institutunun inkişafı, gənclərin potensialının gücləndirilməsi və yaşlıların təcrübəsindən faydalanması sahəsində konkret vəzifələr müəyyən edilir.
Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Xalqımızın dəstəyilə partiyamızı daha da gücləndirərək onu dünyanın aparıcı dövlətləri sırasında görmək üçün əlimizdən gələni etməliyik!
Şəfiqə Yaqublu
237 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB