Mədə yanmasına səbəb olan qidalar hansılardır? - MÜTƏXƏSSİS AÇIQLADI
“Həddindən artıq yağlı qidaların qəbul olunması mədədə turşuluğun artmasına səbəb olur. Bu zaman isə mədədə mədə turşuluğu ifraz olunarkən bir çox hormonların həddindən artıq çox ifraz olunmasına gətirib, çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu isə həm də əzələ ağrısına belə səbəb ola bilər:
“Yüksək yağ tərkibli çərəzlər, avakado da bir çox hallarda mədə yanğılarına səbəb olur. Mütləq şəkildə qidaları nə ilə qəbul etdiyimizə diqqət etməliyik. Təbii ki, paketlənmiş qidalardan uzaq durmaq lazımdır. Çünki mədə yanğısı və ağrısını artıran başlıca səbəblərdəndirlər. Bunlardan başqa sitrus meyvələrinin bu cür yan təsirləri var.
Demək olar ki, bir çox statistik araşdırmaların nəticələrinə görə, 70 faizdən çox insanlar həmin sitrus meyvələrini qəbul etdikdən sonra mədəsində yanma müşahidə edilib. Buna görə də bu cür problemləri olan insanlar bu meyvələrdən uzaq durmaları, ehtiyyatla istifadə etmələri tövsiyyə olunur.
Şokoladlar da çox istifadə olunduqda mədə yanğılarını, hətta qıcqırmaya belə səbəb olur. Bu da həm yüksək yağlı qida hesab olunur, həm də şirinliyinə və bəzən keyfiyyətinin yaxşı olmamasına görə mədədə problemlərə yol açır. Lakin keyfiyyətli kakaodan hazırlanan şokoladdırsa, səhər yeməyindən yarım saat, 1 saat sonra az miqdarda qəbul olunduqda heç bir qıcqırmaya səbəb olmaz.
Eyni zamanda ədviyyatlardan çox istifadə də mədə yanmasına səbəb olur. Mütləq şəkildə buna da diqqət etmək lazımdır. Ədviyyatların demək olar ki, bir çoxunun tərkibində həzm sistemini yavaşladan maddələr var. Həmin maddə də mədənin turşuluğunun artmasına və yanmaya səbəb olur.
Xüsusilə çiy soğan mədə yanmasına səbəb olan başlıca amillərdəndir. Acqarına qəbuluna isə qətiyyən yol verilməməlidir.
Bir çox hallarda təbii şəkildə mədə yanmasını aradan qaldırmaq olar. Mədə yanmasını aradan qaldırmaq üçün az miqdarda təbii kəpəkli və ya tam buğda unundan hazırlanmış çörək yemək olar. Eyni zamanda ürəkbulantı və qusma halları varsa, az miqdarda zəncəfili dəmləyib, içsək xeyrini görə bilərik. Mövsümündə istifadə olunan yemiş, qarpız, boranı da bu ağrılar üçün olduqca faydalıdır. Bundan əlavə yulaf sıyığları da mədə turşuluğunu tənzimləyir.
Uzun müddət zərərli qidalarla qidalandıqda mədədə davamlı yanma və ya mədə turşuluğunun artması müşahidə olunursa, bu gələcəkdə mədə xorasına səbəb ola bilər. Buna görə də bu halların uzun müddət davam etməməsi üçün qidalanmaya mütləq şəkildə diqqət etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB