Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir

Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı çıxışında bir çox mühüm məsələlər barədə fikir söyləmişdir.

Cənab Prezident bildirmişdir ki, Zəngilan rayonu azad edilmiş digər rayonlar kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistanın işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bütünlükdə Cənubi Qafqaz bölgəsini böyük bəladan-erməni faşizmindən xilas etmişdir.

Qeyd olunmuşdur ki, artıq Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işlərinə başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur.

Bildirilmişdir ki, hazırda keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan ilk rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın hazırladığı planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Cənab Prezident Zəngəzur rayonunda həyata keçirilən böyük infrastruktur layihələrindən bəhs edərkən birinci növbədə onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu qeyd etmişdir. Bildirilmişdir ki, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Zəngilandan Qubadlıya və Qubadlıdan Laşına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edən cənab Prezident qeyd etmişdir ki, bu dənliz əlavə imkanlar yaradacaq. Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək tam yeni nəqliyyat dəhlizi açılacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi Azərbaycan üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.

Cənab Prezident öz çıxışında digər bir vacib məsələyə, əhalinin məşğulluğu məsələsinə toxunararaq qeyd etmişdir ki, Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir.

Ermənistanın işğal dövründə işğal altında olan torpaqlarımızın ekologiyasına vurduğu vurduğu böyük zərərdən bəhs edilərkən qeyd olunmuşdur ki, əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması həyata keçirilmişdir. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğunda. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpasına artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü.

Bildirilmişdir ki, rəsmi İrəvan törətdiyi bütün bu cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyan hesablanır, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir, sübutlar toplanır. Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir, bunun üçün hazırlıq işləri aparılır.

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi cənab Ptrezident İlham Əliyevin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işlərinə, bu ərazilərin sürətlə inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı tikinti quruculuq və bərpa işləri göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə öz ata –baba yurdlarına qayıdacaqlar. O gün çox uzaqda deyil.

Milli Məclisin deputatı, Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə