Stansiya yolu özülünə qədər yenidən qurulacaq

“Cəfər Cabbarlı” stansiyasında yenidənqurma işlərinin növbəti və əsas mərhələsi başladılıb. Burada stansiya yolu və platforma səviyyəsində söküntü işlərinə başlanılıb”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu mərhələdən sonra isə keçidlərdə işlərə başlanılacaq: “Burada stansiya yolunda divar və döşəmə üzlüyü bərpa olunacaq.

Stansiya yolu demək olar ki, özülünə qədər yenidən qurulacaq. Çünki ağır hidroloji şəraitdə yerləşən “Cəfər Cabbarlı” stansiyasında məhz döşəmə hissəsinin özülü tamamilə yararsız vəziyyətə düşüb. Bu səbəbdən də yenidənqurma işləri geniş bir formada aparılacaq.

Stansiyanın təmiri zamanı xüsusi materiallar və müasir inşaat metodlarından istifadə olunacaq.

“28 may” stansiyasının ikinci çıxışında da əsaslı təmir və yenidənqurma işləri yalnız platforma üzrə təmir işləri aparılacaq. Ümumiyyətlə işlər mərhələli şəkildə təşkil olunacaq. Stansiyanın özülü artıq betonlanıb.

Bakı Metropoliteni tarixində ilk dəfə istismar olunan tunel şəraitində dəmir beton blokların tətbiq olunmasına başlanılıb. “Cəfər Cabbarlı” “Xətai” mənzilində artıq beton blokların və köməkçi hissələrin quraşdırılması işləri demək olar ki, başa çatdırılıb.

İşlərin yekunlaşdırılması ilə bağlı konkret söz demək hələ mümkün deyil. Bunun əsas səbəbi odur ki, bu stansiya inşa olunduqda Sovet dövlətinin dağıldığı bir dövrə təsadüf edib. Bu da həmin dövrün ağır iqtisadi şəraitinə tuş gəlib və proseslər metro tikintisinə də öz təsirlərini göstərib.
Buna görə də tunellərdə və sahədə hər bir hissə xüsusi olaraq işlənilir.

Buna qədər olan işlərdə biz rahatlıqla tarix deyə bilirdik. Lakin platforma və stansiya yolunda isə bu məsələ ilə bağlı konkret zaman deməkdə çətinlik çəkirik.

Ən qısa müddətdə işlərin başa çatdırılması üçün bütün qüvvəmizlə çalışırıq.

Stansiyanın digər yolu istifadədir sərnişin daşınmaya bağlanmayacaq. Bu səbəbdən “Cəfər Cabbarlı”-“Xətai” mənzilində hərəkət edən sərnişinlərimiz stansiyanın bağlanmayacağına tam əmin ola bilərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə