Mopedləri istədiyi kimi sürənlərə qarşı hansı tədbir görüləcək? - DİQQƏT! - BŞDYPİ RƏSMİSİ AÇIQLADI

Mopedləri istədiyi kimi sürənlərə qarşı hansı tədbir görüləcək? - DİQQƏT! - BŞDYPİ RƏSMİSİ AÇIQLADI

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Bu gün Azərbaycanda piyada təhlükəsizliyi necə tənzimlənir? Piyada təhlükəsizliyi ilə bağlı hansı tədbirlər görülür?

- Yol polisi olaraq yol hərəkətində təhlükəsizliyin təmin edilməsi ən vacib şərtlərdən biridir desəm çox güman ki, yanılmaram. İstər ölkə ərazisində, istərsə də Bakı şəhərində təhlükəsizliyin təmin edilməsi hər zaman diqqət mərkəzində olub. Bu istiqamətdə təfərrüfatı ilə tərəfimizdən tədbirlər aparılır. Əlbəttə ki, piyada təhlükəsizliyi dedikdə yol polisi tərəfindən məqsədli və davamlı olaraq ardıcıl istər təbliğat sahəsində, istər profilaktiki tədbirlərin keçirilməsində, istərsə də inzibati tənbeh tədbirlərinin keçirilməsi istiqamətində əldə etdiyimiz nəticələr var. Düşünürük ki, bu məsələ təkcə yol polisindən olan asılılıqdan deyil, eləcə də hərəkət iştirakçıları olaraq piyadalar da yol hərəkəti haqqında qanunun tələbini öyrənməli və tələbləri düzgün yerinə yetirməlidir ki, ən azı hərəkət zamanı özünün təhlükəsizliyi təmin edilsin və başqa hərəkət iştirakçılarının hərəkətinə mane yaratmasın. Xatırladım ki, yol hərəkəti haqqında qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Əgər, bu maddənin tələbi pozulursa, piyadalar inzibati qaydada məsuliyyətə cəlb edilir.

- Bildiyimiz kimi bu gün çoxsaylı qəzalar baş verir. Burada günahkar piyadadır, yoxsa sürücü?

- Belə ki, bu ilin birinci rübü ərzində Bakı şəhəri üzrə 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 52 nəfər ölüb, 96 nəfər isə müxtəlif xəsarətlər alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktlarının sayı artıb. Bu da çox ciddi narahatlıq doğurur. Əlbəttə ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi piyadaların vurulmasıdır. Yəni yol-qəza hadisələrinin baş verməsi, xüsusilə piyadaların vurulması piyada keçidlərinin yaxınlığında baş verir. Bu istiqamətdə həm təbliğat işlərinin aparılması, həm də profilaktiki tədbirlərin keçirilməsi zərurəti yaranıb. Bu barədə tərəfimizdən tədbirlər davam etdirilir. Yeri gəlmişkən bir daha piyadalara müraciət edirəm ki, təhlükəsizliyin təmin edilməsi hər bir hərəkət iştirakçısının özündən asılıdır. Qeydə alınan yol-nəqliyyat hadisələrinə nəzər saldıqda sürücü diqqətsizliyi yol-qəza hadisələrinin yaranmasına səbəb olursa, piyadaların da yol hərəkətində səhlənkarlığı hadisələrin baş verməsinə səbəb olur. Ona görə də düşünürük ki, həm sürücülər, həm də piyadalar yol-nəqliyyatında nümunəvi hərəkət edərək özlərini qoruya bilərlər.

- Vaqif müəllim, bu gün elə insanlar var ki, piyada keçidlərindən istifadə etmirlər. Yeraltı keçidin yaxınlığındadırlar, amma bu keçidlərdən istifadə etmirlər. Bu insanlarla bağlı hansı tədbirlər görülür?

- Təhlükəsizliyin təmin edilməsi üçün Bakı şəhərində 80-dən artıq yeraltı və yerüstü piyada keçidləri piyadaların istifadəsinə verilib. Təəssüflər olsun ki, bu keçidlərdən piyadalar istifadə etmir. Nəticədə Bakı şəhəri üzrə qeyd alınan yol-nəqliyyat hadisələri sırf həmin keçidlərin yaxınlığından yəni ən azı 100-150 metr məsafəsində baş verir. Piyadalar qoyulan tələblərə əməl etməlidir ki, yol-nəqliyyat hadisələri baş verməsin. Ümumiyyətlə qeydə alınan yol-nəqliyyat hadisələrində insanların həlak olması və xəsarət alması bu gün cəmiyyətimizin hər bir üzvünü düşündürməli və bu hadisələrdən qorunmaqda cəmiyyətimizin hər bir üzvü öz fəallığını artırmalıdır. Unutmaq olmaz ki, yol-nəqliyyat hadisələrində həlak olanlar və yaxud xəsarət alanlar bizlərdən biridir. Hərəkət iştirakçısı olaraq hər kəs yol hərəkəti haqqında qanunun tələbini düzgün yerinə yetirməklə özünün təhlükəsizliyinin qayğısına qalmalıdır. Eləcə də başqa hərəkət iştirakçılarının yol-qəza hadisələrindən həyat və sağlamlığının qorunmasında fəaliyyətini artırmalıdır.

- Bu gün Bakı şəhərində səkilərin kənarlarında velosiped yolları çəkilir. Görürük ki, velosipeddən istifadə edən bəzi insanlar bu yoldan istifadə etmirlər. Hazırda səkilər də daralıb. Bu məsələ ilə bağlı hər hansı bir tədbir görülürmü?

- Pik saatlarda evdən işə və ya işdən evə yol hərəkətində süni sıxlığın yaranma ehtimalı olur. Əlbəttə ki, bu sıxlığın yaranmasına əsas səbəb avto-nəqliyyat vasitələrinin sürücüləri tərəfindən avtomobillərin park edilməsi məsələsinə məsuliyyətlə yanaşılmalıdır. Yəni hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinin park edilməsinin tələblərə uyğun şəkildə yerinə yetirirsə, sözsüz ki, Bakı şəhəri üzrə yarana biləcək süni sıxlığın qarşısını alır. Belə ki, səhər saatlarında istənilən halda yolun hərəkət hissəsində nəqliyyat vasitəsinin sürücüsü tərəfindən bir dəqiqə müddətində belə saxlanılması həmin ərazidə süni sıxlığın yaranmasına səbəb olur. Nəqliyyat vasitəsinin dayanaqcaqda və yaxud da icazə verilmiş yerlərdə saxlamağı, sərnişinləri düşürərkən qanunda icazə verilən ərazilərdə saxlamağı unutmamalıdır.

- Bildiyimiz kimi günümüzdə bir çox restoranların çatdırılma xidməti mövcuddur. Onlar çatdırılmanı velosiped və yaxud da motosikletlə həyata keçirirlər. Bəzən görürük ki, çatdırılma xidmətləri yol hərəkəti qaydalarına riayət etmirlər. Bu sürücülərlə bağlı və ya həmin restoran sahibləri ilə bağlı hər hansı bir tədbir görülürmü?

- Ümumiyyətlə motosiklet sürücülərinin son zamanlar hərəkəti ilə bağlı vətəndaşların müraciəti əsasında tərəfimizdən müşahidələr aparılıb. Eləcə də Bakı şəhəri üzrə quraşdırılmış kameralara nəzarət edərkən həqiqətən də tələblərin pozulduğunun şahidi oluruq. Bəzi moped sürücüləri sanki nəzarət yoxmuş kimi istədikləri formada moped sürməyə üstünlük verirlər. Amma bu, yanlış düşüncədir. Hər bir moped sürücüsü düşünməli və unutmamalıdır ki, onun da hərəkətinə Bakı şəhəri üzrə kameralarla nəzarət edilir. Sözsüz ki, yol hərəkəti haqqında qanunun tələbi pozulursa, moped idarə edən sürücü tərəfimizdən məsuliyyətə cəlb edilir.

- Hazırda sürücülər ən çox hansı yol hərəkəti qaydalarını pozurlar? Bu qayda pozuntularının əsas səbəbi olaraq nə göstərilir? Bu kimi problemlər yollarda olan vəziyyətlə əlaqədardırmı?

- Ümumiyyətlə yol-qəza hadisələrinin baş verməsi idarə edilən nəqliyyat vasitəsinin nə dövlət nömrə nişanından, nə onun markasından, nə də onun sürücüsündən asılıdır. Nəqliyyat vasitəsinin sürücüsünün hansı formada idarə etməsindən asılı olaraq yol-qəza hadisəsi baş verir. Yəni sükan arxasında olan sürücünün yol hərəkəti haqqında qanunun tələbinin pozması sözsüz ki, hərəkət istiqamətində yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu səbəbdən düşünürük ki, istənilən halda sürücü, yol hərəkəti iştirakçısı olan piyadalar yol hərəkəti qaydalarını bilməli və bu tələbləri düzgün yerinə yetirməyi bacarmalıdır ki, yol qəza hadisəsindən qorunsun.

- Bu gün insanların yol hərəkəti qaydalarının öyrənilməsi istiqamətində hansı maarifləndirici işlər aparılır?

- Bu gün yol polisi olaraq təkcə inzibati tənbeh tədbirləri tərəfimizdən həyata keçirilmir. Eləcə də təbliğat işlərinin aparılması, xüsusilə hərəkətin intensiv olduğu ərazilərdə profilaktiki tədbirlərin keçirilməsi, avtomobil qarajları olan ərazidə sürücülərlə görüşlərin təşkili və digər yol-nəqliyyat hadisələrinin sayının aşağı salınması üçün təbliğat işlərinin aparılması məqsədilə tədbirlər tərəfimizdən davam etdirilir. Təkcə onu demək kifayətdir ki, yol-nəqliyyat hadisələrinin ilbəil sayının aşağı düşməsi və ya ölüm faktlarının azalması yol polisi tərəfindən məqsədli və ardıcıl keçirilən tədbirlərin nəticəsidir. Eləcə də mütəmadi yol hərəkəti haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavələr və dəyişikliklər, eləcə də yol polisi tərəfindən keçirilən tədbirlər deməyə əsas verir ki, yol hərəkətində günbəgün hərəkətlə bağlı mədəniyyət səviyyəsi formalaşır və yol-nəqliyyat hadisələrinin sayı azalır. Bu sahədə təkcə yol polisləri yox, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin yom hərəkəti iştirakçıları təbliğat sahəsində fəallığını artırmalı və yol-qəza hadisələrindən qorunmaq üçün profilaktiki tədbirlərin keçirilməsinə üstünlük verməlidir.

- Bildiyimiz kimi Bakıda Formula-1 yarışları keçiriləcək. Bu yarışlar keçirilən zaman əsasən hansı yol və küçələr bağlanılacaq?

- Sözsüz ki, keçirilən yarışla əlaqələri təşkilat komitəsi tərəfindən əvvəlcədən məlumat veriləcək. Verilmiş məlumat əsasında yarışla bağlı tərəfimizdən ətraflı şəkildə sürücülərə, əhaliyə hansı marşrut üzrə yarışın keçirilməsi barədə məlumat veriləcək. Bu ərazilər üzrə kəsişən küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyü barədə əlavə məlumat veriləcək.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə