Konfrans ölkəmiz üçün əlamətdar hadisələrdən oldu

Konfrans ölkəmiz üçün əlamətdar hadisələrdən oldu

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi ölkəmiz üçün əlamətdar hadisə olduğu hamıya bəllidir. Bu addımla tarixi şəhərimiz Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilir, həm də Azərbaycan sülhün nəinki öz ərazilərində təmin edilməsi, bütün regionda bərqərar olunmasında marağını göstərir.

Erməni millətçiləri yurdumuzun Qarabağ bölgəsində və ətraf rayonlardakı ərazilərimizi işğal altlnda saxladıqları illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün aparılan sülh danışıqları heç bir bəhrə vermədiyi üçün dövlətimiz son anda hərbi yola üstünlük verərək 2020-ci ildə əsrin qələbəsini qazandı. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olsalar da müsbət dəyişiklik yox idi. Azərbaycan höküməti Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Nəhayət, dövlətimiz Ermənistandan müsbət cavab aldı və onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir.

Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə formalaşan və bazası genişlənən Milli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 gün ərzində böyük fədakarlıq nümunəsi göstərərək düşməni yerində oturtdular, qalib dövlət kimi dünyaya Azərbaycanın qüdrətini göstərdilər. Azərbaycan dünyanın bir çox dövlətləri ilə iqtisadi əməkdaşlıq edir. Həyata keçirilən əməkdaşlıqlar, reallaşan kontrakların icrası zamanı dövlətimiz öz imkanlarını göstərib. Azərbaycan fəal ticarət tərəfdaşıdır. Əməkdaşlıq sahələrimizə müasir texnologiyalar və ticarət də daxildir.

Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə hər zaman dünya güclərinin maraqlar toqquşmasına tuş gəlib. Beynəlxalq güclər hər zaman regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Ona görə Cənubi Qafqazda sülh hər zaman kövrək olub. Tarixi torpaqlarımızda yaradıldığına görə qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi pozulmasında müstəsna rolu vardır. Ermənistanın Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni məhdudlaşdırmışdı.

Sülhün təmin olunması, ədalətin bərpası üçün ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti də bir nəticə verməmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz tam çəkilməsini tələb edən dörd qətnaməsinin olmasına baxmayaraq, regionda sülh təmin edilməmişdi. Azərbaycan münaqişənin həll olunması, sülhün yaranması üçün otuz il səbir nümayiş etdirdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və Azərbaycan indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır.

İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur. Həmçinin, Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər də nümayiş etdirilir.

Beynəlxalq konfransda Prezidentimiz bir daha Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və artıq sülh sazişinin imzalanmasının vaxtının çatdığını bəyan edib: Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər. Bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb. Beynəlxalq birlik artıq bu reallıqlarla barışır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları qəbul edib. ATƏT-in Minsk qrupu ilə bağlı Prezident İlham Əliyevin və Azərbaycan ictimaiyyətinin mövqeyi hər kəsə bəllidir. Artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunduğu üçün heç bir vasitəçiyə ehtiyac qalmayıb. İndiki reallıq odur ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmlənir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir.

Qərbi və Şərqi birləşdirən, mühüm və strateji kommunikasiya yollarının keçdiyi Cənubi Qafqazda sülhün təmin olunması, regionun artan iqtisadi və kommunikasiya imkanlarından bərabər şəkildə maksimum istifadəsi Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdən və məqsədlərdən biridir.

Elvin Əliyev

Xəzər rayonu, 149 №li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə