Bu böyüklükdə dünyanın özünü sığdırdığı 365-dən cəmi 30 gün alan bilən biridi o. Hər il bir dəfə ömürlərə qonaq gəlib, gedər. Kim qapısını üzünə açarsa, onun qonağı olar. Özü ilə elə bir böyük sərvət gətirər ki, ona qapısını açmaq istəməyənlərin bundan xəbəri belə yoxdur. Bilsəydilər, vallah, hamıdan qabaq qapılarını açar nədir, pişvazına çıxardılar haradan-haraya...
Biri var, bir ağacdır, cəmi 30 yarpağı var. O yarpaqlar hər gün qarşılaşdığımız ağaclardan da deyil, yarpaqlardan da. Yazılıdır hər yarpağı, bir-birindən fərqli sözlər yazılmış xəzinədir. Sirr dolu bir xəzinə. O yarpaqları əlinə ala bilərsənsə, həmin sözləri görə, oxuya bilərsən. O sözlər ruhuna hakim kəsilər. Səni 30-un əvvəlindən sonuna quş qanadında elə aparar ki, günlərin necə keçdiyinin fərqində belə olmazsan...
O, yeri ayrı olan fərqli bir andır. O andır ki, səni səndən alıb başqa birinə çevirir-365-in onsuz günlərində olmadığın bir varlığa. Sübhü görürsən onunla, Günəşi salamlayırsan. Minlərlə insanın içində başqa bir dünyanın adamı olursan gün boyu. Axşamüstü Günəşi yola salıb, ondan sonrakı bənzərsiz bir an var, onu gözləyirsən...
Biri var, tam fərqli biridir səninçün... Səni başqa edən biri. Başqalarını ağlına gətirən, onların olanlarını, olmayanlarını sənə xatırladan, anladan, səni həssaslaşdıran, düşündürən, bəzən göz yaşlarına səbəb olan biridir. Hansı ki, 365-in həmin 30-suz günlərində o hisslər ağlına bu cür gəlmir. Gözünlə də görürsən bəzən, amma düşüncən onu hiss etmək, bir o qədər də acımaq qədərində olmur...
Yeri tam başqa olan biri var. Bizi əngin səmalara qaldıran, Günəşə, Aya yaxınlaşdıran, səmanın maviliyi ilə paklığı, bəyazı ilə saflığı ruhumuza hopduran biri. Bizi göylərdəki quşlar tək qanadlandıran biridi o. Məhz onun 30 günlük ömründə qanad açmaq, uçmaq, o sirli ənginlikləri kəşf etmək, o ilahi qüdrətin kökünü, mənbəyini axtarıb tapmaq istəyirsən. Səni səndən alanı gözlərinlə görmək istəyirsən...
Biri var, gəlişini bütün gələnlərdən çox gözləyirsən. O sanki sevdiyindir, yox, ondan ötədir. Övladındır, yox ondan da ötədir, atandı-anandı, yox onlar da deyil, dostundu, sirdaşındı, yox, yox, əsla. Onun gəlişitək olanı yoxdur. O hiss tək onun gəlişi ilə yaşanır, duyulur...
Tam fərqli yeri olan biri var, gedişi heç nəyə bənzəmir. Heç kim yola salınanda bu hisslər yaşanmır. Kimlər, nələr keçir ömrümüzdən... Kimləri yola salırıq, itiririk... Nələr gəlir başımıza, həyatımıza, yox olub gedib, lakin onların gedişi də bu gedişə bənzəmir ...
Biri var, yeri çox ayrı... Ramazan ayıdır o. 365-dən 30-ca gün alan Ramazan. Hər günü keçdikcə sanki ömrümüzdən aylar alıb özü ilə aparan Ramazan. Gəlişini bütün gələnlərdən çox gözlədiyimiz, gedişini heç istəmədiyimiz, bizi Ulu Yaradana yaxınlaşdıran, insanlığı anladan, aclığın əzabını onu daim yaşayanların simasında bizə xatırladan, paklğın, saflığın rəmzi Ramazan... Onu qonaq edənlərin həyatını bəzəyən, fərqliliyin ləzzətini andıran Ramazan.
Biri var, yeri çox ayrı... Ramazan ayı... Hər zaman yeri bizdə ayrı olan Ramazan...
Mətanət Məmmədova
Əməkdar jurnalist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB