Ramazan bayramının ilk günü 200 evdən gələn işıq öz nurunda çox məqamları açıqlayır, xalqımızın milli mənəvi dəyərlərindən, o dəyərləri bu günlərədək gətirib çıxaranlardan, azərbaycanlıların torpaq sevgisindən, 2020-nin Zəfərindən, axan şəhid qanlarından, yaralanan minlərlə qazilərdən və dövlətimizin şəhidinə-öz övladına göstərdiyi diqqətdən, qayğıdan, onların ailələrinə göstərdiyi nəvazişdən, bir də xalq-dövlət birliyindən söhbət açır...
200 evdən ətrafa yayılan nur 200 şəhid və qazi ailəsinə göstərilən qayğıdan, dövlətimizin öz insanlarına dəyərindən söhbət açır. Müqəddəs Ramazan bayramında 200 ailənin evinin pəncərəsindən süzülən işıq 200 şəhid və qazinin Vətən yolunda mübarizliyindən, Qarabağa vurğunluğundan, Vətənin səsinə səs verib müqəddəs torpaqlarımıza yollanmalarından, Ali Baş Komandanın ətrafında sıx birləşmələrindən, 30 ilin həsrətini vüsala çevirmələrindən söhbət açır. Bu işıq Böyük Qarabağ Zəfərindən axıb evlərə dolur. Zəfərin bir parçasına çevrilir. Bu işıq dövlətimizin güçünü göstərir. Göstərir ki, müharibədən qısa müddət sonra bu dövlət şəhidinin, qazisinin ailəsini belə mənzillərlə, avtomobillərlə təmin etmək gücündədir. Bu mənzillər həm də ötən və bu il verilən mənzillərin davamıdır.
Ötən il 3000, bu il 1500
Bunu dövlətimizin başçısı cənab İlham Əliyev belə təhlil etdi: “Bilirsiniz, bu evlər məcburi köçkünlər üçün inşa edilmişdi. İşğal dövründə məcburi köçkünləri yerləşdirmək üçün, normal şərait yaratmaq üçün böyük işlər görüldü və belə gözəl şəhərciklər yaradıldı. Amma müharibədən sonra mən qərar qəbul etdim, onlar üçün nəzərdə tutulan yerləri biz şəhid ailələrinə təqdim edək ki, onlar çox vaxt gözləmədən tezliklə bu mənzillərlə təmin olunsunlar. Çünki hələ də, - onu da deməliyəm, - Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin bəziləri evlərlə təmin edilməyib. Düzdür, 12 min 500 mənzil verilib, ancaq hələ də növbədə duranlar var. Ona görə mən dedim ki, birincisi, məcburi köçkünlər üçün biz artıq Qarabağda, Zəngəzurda evlər tikməyə başlamışıq. Onlar orada yaşamalıdırlar. İkincisi, tezliklə şəhid ailələri, yaralı olan hərbçilərimizin problemlərinin həlli üçün bu gözəl evləri biz şəhid ailələrinə təqdim edək. Keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə yaşamaq üçün bütün şərait var. Amma ondan sonra məşğulluqla bağlı, - mən bilirəm ki, siz işləyirsiniz, - pensiyalarla, təqaüdlə bağlı bütün bu məsələlər, həmçinin şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdırlar ki, sizin və sizin kimi şəhid ailələrinin həyatında heç bir problem olmasın. Mən Prezident kimi bütün dövlət qurumlarına bunu tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim borcumuzdur”.
200-ün 1-də atasının üzünü görməyən övlad böyüyəcək
Dövlətimizin başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olması, Ramazan bayramının ilk günü onların mənzilində olması, ailə ilə bir masa ətrafında əyləşmələri bu şəhid ailəsi üçün nə qədər qürurvericidirsə, hər bir azərbaycanlı üçün də o qədər qürurvericidir.
Bayram gecəsi onların pəncərələrindən gələn işıq bütün şəhidlərin, eləcə də Mahirin məzərının üzərinə nur çiləyir. Çünki Mahir həyatını Vətən yolunda qurban verən minlərlə oğullarımızdan biridir. O, torpaq sevdalılarındandır. Namusumuz, arımız olan Qarabağın xilaskarlarındandır. Müharibəyə yollanmamışdan cəmi 7 gün əvvəl doğulan övladının üzünü görməyən, ətrini duymayan, onu bağrına basmayan, böyüməsini izləməyən atalardandır. Ömrü yarımçıq qalan, arzuları məhv olan oğullarımızdandır. Lakin Prezidentin də dediyi kimi bu itkilər torpaqlarımızn qayıtması üçün olub: Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib. Amma İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.
Bu mənzildə Mahirin Səlim adlı övladı böyüyəcək. Hər bir şəraitlə təmin olunmuş bir mənzildə Səlim vətənpərvər, atası kimi qəhrəman, torpaq sevgili, Vətən məhəbbətli böyüyəcək. Və bir gün bu mənzil haqqında anasından eşidəcək. Biləcək ki, yaşadığı mənzil onun firavan böyüməsi üçün dövlətimiz tərəfindən şəhid atasına verilən evdir. Qürur duyacaq: həm atası, həm dövləti ilə. Belə bir şəraitdə böyüyən, tərbiyə alan uşaqlar təbii ki, vətənpərvər böyüyəcəklər, ötən 18 ildə olduğu kimi...
Pəncərələrdən süzülən işıq
Xalqımızda işıqla bağlı adətlər var. Məsələn, bir evdən kimsə dünyasını dəyişəndə onun otağının işığı yanılı saxlanılar. Bütövlükdə həmin evin işıqları söndürülməz. Hələ insan dünyasını dəyişən günün gecəsi məzarı üstündə şam yandırılması adəti də var. Həm də bu işıqlar ev sakinləri tərəfindən yandırılmaz. Yaxınlıqdakı qonşuların ağsaqqal, ağbircəkləri gələr, işıqları yandırarlar. Bu adətlər həyatın davamı deməkdir. Burada sonrakı nəsl var, onlar yaşamalı, həyatı davam etdirməlidirlər, deməkdir.
Pəncərədən gələn işıq həyat deməkdir. Şəhidlərimizin hər birinin ailəsinə verilən mənzillər də bu qədim adət-ənənələrimizdən qaynaqlanır. Bu, onların ailələrindəki övladların həmin mənzillərdə yandırılan işığın şövqündə firavan böyüməsi üçün edilir. Ailə üzvlərinin rahatlığı, mənzil sarıdan çətinlik çəkməməsi üçün edilir. Həmçinin də qazilərimizin ailələri üçün. Qazi olan insanın özünə ev tikməyə artıq sağlamlığı imkan vermədiyi üçün bu, dövlətimiz tərəfindən həyata keçirilir. Çünki onlar artıq rahat şəkildə yaşamağa məcburdurlar. Övladlarına isə edə bilmədiklərini dövlətin etməsi onlara verilən dəyərdir.
Bütün bu diqqət, qayğı, dəyər və qiymətin fonunda gündən-günə pəncərələrdən gələn işıqların sayı artır. Artıqca da dövlət-xalq birliyi daha da möhkəmlənir. Dövlətimizin şəhid və qazi ailələrinə verdiyi mənzillərdə yandırılan işıq bütün xalqın nura boyanması ilə nəticələnir. Bu nur xalqa ancaq birlik, həmrəylik, bir də Zəfər bəxş edir.
Bu işıq Zəfər işığıdır
Bəli, bu mənzillərdən gələn işıq Zəfər işığıdır. Vətənin harayına səs verib Qarabağa yollananların, 30 illik qədim torpaqlarımızı erməni işğalından azad edənlərin, o torpaqlara təşnəli olan minlərlə qaçqın, köçkünün həsrətinə son qoyanların, Qarabağı Vətəni Azərbaycanın qoynuna verənlərin, üçrəngli bayrağımızı o torpaqlarda dalğalandıranların sayəsində Qarabağ torpaqlarına bəxş olunan işıqdır. Zəfər işığıdır. İndi o işıq Qarabağdan minlərlə ailəyə paylanır. O evləri nura boyayır. “Həyat davam edir”,- deyir. Prezident cənab İlham Əliyevin dediyi kimi: Yəni, o, həyatda övladını, gənc həyat yoldaşını, qardaşını, anasını qoyub getdi. Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
Biz müzəffər xalq kimi yaşayırıq!
Ramazan bayramı günü 200 pəncərədən süzülən işıq bir də onu göstərir ki, biz müzəffər xalqıq, Vətən uğrunda canımızdan keçən, bir qarış torpağımız üçün ömrümüzü, gələcəyimizi fəda edən bir xalqıq. Dövlətimizin başçısının gözəl təhlili kimi: Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib - hər birimiz, o cümlədən Mahir. Onu irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə barışmazlığı olub. Canını fəda edib, amma onun kimi övladlarımız xalqımızın ləyaqətini bərpa etdilər. Bu, qələbə qədər vacib məsələdir, gələcək nəsillərin yetişməsi və tərbiyəsi üçün əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq.
Mətanət Məmmədova
Əməkdar jurnalist
Bütün xəbərlər Facebook səhifəmizdə