Azərbaycanda təhsil istiqamətində çox böyük işlər görülür - SORĞU

Azərbaycanda təhsil istiqamətində çox böyük işlər görülür - SORĞU

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Ümumilikdə Azərbaycanda təhsil infrastrukturunun təkmilləşdirilməsi, ucqar bölgələr də daxil olmaqla təhsil müəssisələrinin əsaslı şəkildə bərpası, yenidən qurulması və s. barədə görülən işlərlə bağlı SİA sorğu keçirib.

Millət vəkili Əziz Ələkbərli: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın müxtəlif şəhər, qəsəbə və kəndlərində müxtəlif təhsil müəssisələrinin tikintisi və təmiri artıq bir ənənə halını alıb. Bu sahə Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu da təsadüfi deyil, millətin və dövlətin gələcəyi sağlam və bilikli gənclərin yetişməsinə bağlıdır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Heydər Əliyev Fondunun həyata keçirdiyi ilk layihələrdən biri məhz “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı olub və bu gün də uğurla davam edir. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan balalarının yüksək səviyyəli təhsil alması üçün müasir standartlara cavab verən təhsil ocaqlarının yaradılması, tədrisin keyfiyyətinə mane olan bütün problemlərin aradan qaldırmasıdır. Bu gün Azərbaycanda elə rayon tapmaq olmaz ki, orada Heydər Əliyev Fondu tərəfindən tikilən və ya yüksək səviyyədə təmir edilən məktəb, bağça binalarının şahidi olmayaq. İnsanlar bu tikililəri dövlətin onlara, onların övladlarına yaratdığı gözəl şəraitin əyani nümunəsi kimi görürlər və bu, doğrudan da belədir. Hər şey vətəndaş üçündür, onların və onların övladlarının gələcəyi üçündür. Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 304 nömrəli tam orta məktəbin inşası da bu sahədə atılan növbəti uğurlu addımlardan biridir. Dövlət başçısının və Birinci vitse-prezidentin məktəbin açılışında şəxsən iştirakı, məktəbdə müəllimlər və şagirdlər üçün yaradılmış şəraitlə şəxsən tanış olmağı isə yerlərdə məmurların məsuliyyətini daha da artırır.

Xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəb də yenidən qurulmuşdu və o vaxt Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin açılışında iştirak edərkən sakinlər şagird sıxlığının nəzərə alınaraq qəsəbədə yeni məktəb binasının tikilməsini xahiş etmişdilər və qısa vaxtda bu, gerçəkləşdirildi. Təsəvvür edin, bir qəsəbədə cəmi üç il ərzində iki yeni tipli tam orta məktəb binası. Həm də torpaqlarımızı 30 il işğal altında saxlayan vəhşi bir düşmənlə Vətən müharibəsi apardığımız, Zəfər qazandığımız və işğaldan azad etdiyimiz böyük bir ərazidə bərpa-quruculuq işləri apardığımız bir dövrdə. Budur Xalqına, Vətəninə və Dövlətinə fədakarcasına xidmətin əyani sübutu. Budur 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin İlham Əliyev və Mehriban Əliyeva düsturu!"

Millət vəkili Kamran Bayramov: "Bu gün cənab Prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Sabunçu rayonunda yeni inşa olunmuş məktəbin açılışı olub. Azərbaycanda hər zaman təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illərdə ölkəmizdə müasir standartlara cavab verən bir-birindən gözəl modern məktəblər inşa olunur. Həmçinin təhsil müəsissələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, pedaqoji işçilərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Bütün bunların hamısı dövlət siyasətinin və Heydər Əliyev Fondunun fəal fəaliyyətinin göstəricisidir. Son 15 ildə Azərbaycanda Heydər Əliyev Fondunun və dövlət xətti ilə 3000-dən çox məktəb binası tikilərək əsaslı təmir olunub. Artıq bu gün Azərbaycan məktəblər məzmunca da müasirləşir. Qeyd etmək istərdim ki, bu sahədə olan yeniliklər və müasir texnalogiyalardan istifadə olunması təhsil sahəsinin inkişaf etməsinə təkan verəcək. Ölkəmizdə aparılan təhsil islahatları nəticəsində cəmiyyətdə müəllim korpusu formalaşıb. Həmçinin cəmiyyətdə müəllim peşəsinə çox böyük hörmət var və bu hörmət getdikcə artmaqdadır. Məktəblərimizin gənclərimizin milli-mənəvi ruhda tərbiyələndirilməsi yönündə işlər görülür. Çünki müstəqil Azərbaycanın gələcəyi məhz bugünkü gənc nəsildən asılıdır. Düşünürəm ki, bu sahədə də Azərbaycan məktəblərinin və müəllimlərinin rolu böyükdür. Onlar da bu işin öhdəsindən layiqincə gəlirlər".

Təhsil eksperti Kamran Əsədov: "İlk növbədə qeyd edim ki, hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır, bir çox dövlət proqramları və layihələr həyata keçirilir. Son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında müasir məktəblər inşa edilir, yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Ümumiyyətlə, məktəb tikintisi son 20 ildən artıqdır ki, ölkədə prioritet olaraq qalmaqdadır.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə, ölkə üzrə indiyədək
1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılmışdır. Məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılmışdır.

Dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Belə ki, Fondun təhsil sahəsində gördüyü işlər sırasında reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Qeyd edim ki, bu proses yalnız paytaxtı deyil, bölgələri də əhatə edib.

Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir.

Xatırladım ki, hal-hazırda ölkəmizdə 4472 orta məktəb binası var və son 10 il ərzində onların 3 mindən çoxu təmir olunub. Amma buna baxmayaraq hal-hazırda normal təhsil mühitinin və şəraitinin olmadığı, qəzalı vəziyyətdə olan məktəblər var.
Misal üçün 2017-2020-cici ildə ölkəmizdə 700 dən çox yeni məktəb tikilmiş, 44 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Amma bu məktəblərin hamısı regionlarda yerləşir və az saylı şagird tutumuna malikdir. Ona görə də böyük vəsait sərf edib yeni, böyük məktəb binası inşa etməkdənsə, modul tipli məktəblər inşa etməklə bu problemi həll etmək olar.

Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur.
Düşünürəm ki, 2022-ci ilin qədər ölkədə qəzalı vəziyyətdə olan məktəbləri modul tipli məktəblərlə əvəz etməklə təhsilin inkişafına təkan vermək olar.

Hal-hazırda ölkədə yüzlərlə qəzalı vəziyyətdə, hər an uçub, dağılıb ciddi fəsadlar törədə biləcək məktəb binaları var. Ölkənin iqtisadi gücü bütün məktəb binalarını müasir standartlara cavab verəcək səviyyədə təmin etməyə imkan verir.

Aparılan islahatlar təhsilin bütün sahələrini əhatə etdiyi kimi, yeni məktəblərin tikintisinə, yeni avadanlıqla təchiz edilməsinə, qəzalı məktəblərin bərpasına və köhnələrin təmirinə də əsaslı şəkildə geniş imkanlar yaratmışdır. Prezident İlham Əliyev bu sahədə islahatların sürətlə həyata keçirilməsini təmin etmiş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlamışdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmayacaq. Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycan Prezidenti andiçmə mərasimində bu məsələyə toxunaraq demişdir ki, ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib.

Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir ki, Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın.

Son vaxtlar modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir.

Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara milli təhsilimizin inkişafında uğurlar arzulayır.

Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramları da məktəb tikintisinin genişlənməsinə əhəmiyyətli stimul vermişdir. Məktəb tikintisini regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib.

Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb.

Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin.
Təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı, kurikulumun (tədris proqramlarının) hazırlanması, yeni dərsliklərin yaradılması və digər sahələrdə də islahatlar davam edir. Yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır.

Bir sözlə, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir. Lakin işlər bununla yekunlaşmır. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib və bu proses davam edir. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.

Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.

Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir. Bu gün məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.

Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb və bu proses davam etməkdədir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son 13 ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəssisələri bərpa və əsaslı təmir edilib.

Hazırda biz yeni dərs ili ərəfəsindəyik. Sentyabrın 15-də bütün təhsil müəssisələrində yeni tədris ilinə start veriləcək. Ənənəvi olaraq bu dərs ili ərəfəsində də dövlətimizin başçısı İlham Əliyev yeni tikilən və ya əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin açılışında iştirak edir və görülən işlərlə şəxsən tanış olur. Bütövlükdə, son 13 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub. Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir.

Ümumiyyətlə, son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Hesab edirəm ki, biz hazırda həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görməkdəyik.

Bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Bunlarla yanaşı, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyilləri və motivlərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri də bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin mühüm vəzifə, məqsəd, meyil, motiv və inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə