Şəhid ailələrinə və müharibə veteranlarına qayğı dövlətin prioritet məsələsidir - DEPUTAT AÇIQLADI
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib.
Onun sözlərinə görə, yeni yaşayış kompleksi doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət olmaqla 2.76 hektar ərazidə inşa olunub: "Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.
Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Hümanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir. Bu bir daha göstərir ki, Azərbaycanda şəhid ailələrinə və müharibə veteranlarına qayğı göstərmək dövlətin prioritetidir. Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi bu kateqoriyadan olan vətəndaşlarımızın daima diqqətdə saxlanıldığının bariz göstəricisidir.
Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, sosialyönümlü dövlət modeli formalaşdırıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Bütün bu qeyd olunanlar göstərir ki, Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına daim qayğı və həssaslıqla yanaşılır və onların sosial rifahının daha da yüksək olması istiqamətində mühüm tədbirlər həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB