Maaş təminatının yaxşılaşdırılması tibbi keyfiyyəti də artıracaq - DEPUTAT ŞƏRH ETDİ

Maaş təminatının yaxşılaşdırılması tibbi keyfiyyəti də artıracaq - DEPUTAT ŞƏRH ETDİ

“Gələn aydan həkimlərin maaşlarının qaldırılması istiqamətində olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev tərəfindən verilən açıqlamalar həqiqətən də islahatların tərkib hissəsi kimi, çox sevindiricidir. Çünki burada biz tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında stimullaşdırıcı amillərin rolunu da inkar edə bilmərik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, həkimlərin fəaliyyəti, zəhməti və iş yükü kifayət qədər çoxdur. Xüsusilə İcbari Tibbi Sığorta tətbiqindən sonra istər xəstəxanalar, istərsə də ambulator klinikalara müraciətlərin sayında kifayət qədər artım var: “Bu artım da tibbi xidmətləri həyata keçirən həkimlərin birbaşa iş yükünün artmasına gətirib çıxarır. Buna görə də bu qərar stimullaşdırıcı amil kimi mühüm rola sahibdir. Bununla yanaşı maddi, texniki bazanın da genişləndirilməsi və maaş təminatının yaxşılaşdırılması tibbi xidmətlərin keyfiyyətinin də mərhələli şəkildə, tədricən artmasına gətirib çıxaracaq. İslahatların bu istiqamətdə həyata keçirilməsi sonrakı müddətdə daha geniş, əlçatan və keyfiyyətli tibbi xidmətin təmin olunmasında mühüm rol oynayacaq.

Xidmətlər zərfinin genişləndirilməsinə gəldikdə isə təbii ki, bu davamlı şəkildə İTSDA tərəfindən bəyan olunurdu. Artıq xidmətlər zərfinə daxil olan xidmətlərin sayının artırılması istiqamətində də açıqlamaların verilməsi də mərhələli şəkildə maddi imkanlar, maddi-texniki baza və kadr təminatının yaxşılaşdıqca xidmətlər zərfinin də genişləndiriləcəyini göstərir. Çünki hələ xidmətlər zərfinin daha da genişləndirilməsinə ehtiyac var. Xüsusilə də dərman təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər çoxdur. Çünki stasionar xidmətdə bəzən axsamaların şahidi oluruq. Təbii ki, burada təkcə maddi-texniki bazanın yaxşılaşdırılması və vəsaitlərin kifayət qədər olması yetərli deyil. Burada icra mexanizminin də kifayət qədər olması vacibdir. Bu da yerlərdə səhiyyə idarəetməsində doğru, düzgün addımların atılması və idarə edən kadrların zamanında doğru addımlar atmasının önəmi böyükdür. Bəzən vəsaitlərin artması heç də xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxarmır. Burada artıq xüsusilə regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər çoxdur. Lakin atılan addımlar ümumilikdə çox böyük əhəmiyyətə malikdir və Azərbaycan səhiyyəsinin inkişaf etmiş ölkələrin səhiyyə sisteminə bərabər olması baxımından çox mühüm addımlardır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə