Fitrə zəkatı nə qədər çıxarılmalıdır? - QMİ ÜZVÜ AÇIQLADI

Fitrə zəkatı nə qədər çıxarılmalıdır? - QMİ ÜZVÜ AÇIQLADI

“Ramazan ayı bərəkət, gözəl nemətlər və duaların qəbul olunduğu aydır. İnsanlar bu ayda həm ibadət edir, həm də gözəl işlərlə məşğul olur. Bu ayda insanlar özlərinin cismən və ruhən təmizlənməsinə nail olurlar”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Ramazan ayının son günü artıq boynumuzda bir haqq olur ki, bu da fitrə zəkatının çıxarılmasıdır: “Fitrə zəkatını imkanı olan şəxslər, maddi vəziyyəti yaxşı olanlar, yəni öz ailəsini dolandıra bilən və əlində əlavə məbləği olan insanlar çıxara bilərlər. Belə şəxslər mütləq ailənin hər bir fərdi üçün fitrə zəkatı çıxartmalıdır. Bu vacib bir hökmdür. Bu prosesin yerinə yetirilməsi oruc tutana da, tutmayana da aiddir. Yaşlı, cavan, xəstə, sağlam fərqi yoxdur, ailənin imkanı varsa, hər bir fərd üçün fitrə zəkatı çıxarılmalıdır. Fitrə zəkatı ailə rəhbərinin üzərindədir. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının bununla bağlı fətvası var. Bununla QMİ-nin rəsmi saytından tanış ola bilərsiz. Orada qeyd olunub ki, hər bir insan üçün minimum 10 və 15 manat arası fitrə zəkatı çıxarılarsa, uyğundur və münasibdir. Təbii ki, şəriət qanunlarında fitrə zəkatı 3 kq olmaqla ən çox yeyilən ərzaqdan çıxarılır.

Təbii ki, dinimizdə ərzaq qeyd olunur. Amma biz təklif edirik ki, bunu hesablayıb pul şəklində ailələrə versinlər. Bunu ərzaq şəklində imkanı olmayan bir ailəyə vermək uyğun olmaz. Çünki bir insana əgər Ramazan bayramında 40-50 kq buğda, arpa və ya düyü versələr, o bu qədər ərzaqı nə edəcək? Amma pul şəklində yardım edilsə, bu zaman o xəstəsi varsa, dərman alar, körpə uşaqları üçün paltar, dərs ləvazimatları və s. ala bilmək imkanı olar. Yəni bu zaman ona verilən pul ilə öz ehtiyaclarını ödəmiş olar. Bu daha məqsədə uyğundur.
Mümkündürsə, fitrə zəkatını bayram namazına qədər bildiyi, tanıdığı insanlara versin. Lakin tanıdığınız, ehtiyacı olan ailə uzaqdadırsa, eyb etməz. Gün ərzində də fitrə zəkatını çatdıra bilər.

Eyni zamanda yaxın, yəni birinci dərəcəli qohumlara fitrə zəkatı verilməz. Onlara yalnız yardım etmək olar.

Eyni zamanda bəzi peşəkar dilənçilər var ki, onlar bayram günü hər kəsin fitrə zəkatı verdiyini bilir. Buna görə də qapı-qapı gəzərək, özlərini yoxsul göstərirlər. Lakin bilmək lazımdır ki, fitrə zəkatını mütləq şəkildə tanıdığınız, bildiyiniz ailələrə verməyiniz vacibdir.

Allah hər kəsin bayramını mübarək etsin. Allah hər kəsə neçə belə gözəl Ramazan bayramı qeyd etməti nəsib etsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə