Günün mahiyyəti 8 saatlıq iş gününün tətbiq edilməsi idi - DEPUTAT ŞƏRH ETDİ

Günün mahiyyəti 8 saatlıq iş gününün tətbiq edilməsi idi - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün 1 may dünyada əmək bayramı günü kimi qeyd olunur. Bu bəzi ölkələrdə rəsmi, bəzilərində isə qeyri-rəsmi şəkildə müxtəlif nümayişlər, etirazlar və ya başqa bir formada dünyanın hər bir yerində qeyd olunur. Əslində buna bir zaman Sovet ideologiyasının atributu kimi baxırdılar, amma bu belə deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, əslində doğurdan da, Sovet ideologiyasının əsas atributlarından biri 1 may günüdür ki, bu gün də dünya zəhmətkeşlərinin həmrəylik günü kimi qeyd olunurdu: “Bütün ölkə boyu, yəni Azərbaycanda da bu bayram coşqu ilə qeyd edilirdi. Sadəcə onun forması dəyişib və artıq bir bayram əhval-ruhiyyəsi alıb.

Bu gün isə təbii ki, müəyyən bir tarixi var. Tarixə nəzər salsaq görərik ki, bu gün əslində heç də ideoloji dairələrin diqtə etdikləri kimi dəhşətli bir problem deyildi. Ola bilər ki, bunu bəziləri kommunist bayramı kimi də adlandırırlar. Amma bu belə deyil. 1889-cu ildə Parisdə ikinci interrasionalların konqresində 1 may tarixi dünya zəhmətkeşlərinin birliyi və mübarizəsi günü kimi qəbul edildi. Artıq 1890-cı ildən etibarən hər il 1 may tarixində mitinqlər, baykotlar, nümayişlər şəklində keçirilməyə başlanıldı. Əsas mahiyyəti isə 8 saatlıq iş gününün tətbiq olunması idi.

19-cu əsrin sonlarından başlayaraq, zəhmətkeş insanlar, burjuaziya, istismar, qul əməyi və s. kimi məsələlər aşağı təbəqənin yuxarı təbəqəyə bir etirazı formasında idi. Bunun da təşkilatçıları təbii ki, ikinci interrasionalın birinci konqresində toplaşanlar idi. Təbii ki, bu bir ideologiya idi, aşağı təbəqənin, fəhlə sinfinin 8 saatlıq iş rejiminə keçməsi üçün tələbləri idi. Heç təsadüfi deyil ki, 1920-ci ildə də Sovet Azərbaycanında bu gün bayram şəklində qeyd olunmağa başlanmışdı. Bu, bir tarixdir.

Əslində burada tələb olunlar bu gün bizim də konstitusiyamızda öz əksini tapıb. Hətta nəinki bizim, bütün tərəqqi etmiş ölkələrin konstitusiyalarında insan əməyinə qiymət verilməsi, insanın istismarına yol verilməməsinin vacibliyi vurğulanıb. Bizim konstitusiyamızda da insanların əmək hüquqlarının qorunması ilə bağlı bir çox maddələr var. Eyni zamanda insanların istirahət hüquqlarının da təmin olunması ilə bağlı da müddəalar burada öz əksini tapmışdır.

Hazırda hələ də dünyanın bəzi ölkələrində insan əməyinin istismarına qarşı bir etiraz əlaməti olaraq, hansısa formalarda qeyd olunur. Təbii ki, burada hər hansısa bir qarşıdurma və ya toqquşmalardan söhbət gedə bilməz. Amma bəzi ölkələrdə, yəni kapitalist ölkələrində bu xüsusi iğtişaşlar kimi qiymətləndirilərək, qarşılanırdı.

Amma bugünkü dünya artıq tamamilə yeni bir dünyadır. İdeoloji sistemlərin özü belə tamamilə yeni bir səviyyədə inkişaf edib. Təbii ki, bu dünya düzəninin içərisində biz Azərbaycan dövləti də olaraq öz sözümü hər bir sahədə deyirik.

Bir neçə gün sonra da müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edəcəyik. Hesab edirəm ki, bizim üçün bu inkişaf, Azərbaycanın dünya birliyində söz sahibinə çevrilmiş bir ölkə olması böyük bir bayramdır. Bu cür inkişaf isə təbii ki, ilk növbədə Ümummilli Lider Heydər Əliyev və onun siyasətinin davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik gücü sayəsindədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə