Konfransda müzakirə olunan məsələlərin siyahısı genişdir - POLİTOLOQ AÇIQLADI
"Qeyd edim ki, “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası hələ ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır: "Konfransda müzakirə olunan məsələlərin siyahısı genişdir və bir çox məsələləri əhatə edir. Prezident İlham Əliyev də konfransdakı çıxışında bir çox vacib məsələlərlə bağlı mövqeyini iştirakçıların nəzərinə çatdırdı və konkret ismarıclar verdi. İsmarıclardan biri ondan ibarətdir ki, Prezident ermənilərin Azərbaycan vətəndaşı olaraq bütün hüquq və azadlıqları əldə edəcəyini və onların təhlükəsizliklərinin təmin olunacağını bildirdi. Bunun üçün ilk növbədə separatçı əhval-ruhiyyədən əl çəkmək və reallıqları qəbul etmək lazım olduğunu da bəyan etdi. Prezident açıq mətnlə bildirdi ki, "Qarabağ erməniləri düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər”.
Prezidentin “işğalla bağlı vəziyyət Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri üçün qəbuledilən idi, bizim üçün isə qəbuledilməz idi” bəyanatı isə Ermənistanın işğalçılıq siyasətinin uzun illər ərzində Minsk qrupu həmsədrləri tərəfindən də dəstəklənməsinə işarə idi. Başqa sözlə prezident növbəti dəfə bəyan etmiş oldu ki, əgər Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirsəydi, əgər mandatına uyğun olaraq BMT-nin məlum qətnamələrinin icrasıyla bağlı real addımlar atsaydı və ən nəhayətdə Ermənistanı sülhə məcbur etsəydi o zaman problem də çoxdan öz həllini tapar və hər iki tərəfdən yeni insan itkiləri ilə nəticələnən növbəti müharibə baş verməzdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB