Gözəl niyyətlər və xeyirxah əməllər rəmzi – Ramazan bayramı ŞƏRH

Gözəl niyyətlər və xeyirxah əməllər rəmzi – Ramazan bayramı ŞƏRH

Şəfqət və mərhəmət dolu, on bir ayın sultanı Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır. Bu ay İslam dünyasında ən müqəddəs ay hesab olunur. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə bilirlər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, orucluğun sınaqlarından alnıaçıq çıxaraq yüksək əhvali-ruhiyyə ilə bayramı qeyd edirlər. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Bildiyimiz kimi, bu il aprelin 02-dən orucluq ayı başlanıldı. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf etmiş oldu. İnsanlar həmin zamandan oruc tutmağa başladılır. Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Oruc tutmaqla inanclı insanlar mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşayırlar. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş oldular. Mənəviyyat və əxlaqın zənginləşməsində oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açıldı, ehtiyacı olanlara, kimsəsiz insanlara, ahıl və qocalara imkan daxilində köməklik göstərildi.

Ramazan bayramının məqsədlərindən biri də müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışması üçündür.

Əlbəttə ki, gözəl əməl və gözəl niyyət insanı ülviləşdirir, onu ucaldır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanmış oldular. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb. Müxtəlif dini mənsubiyyətə malik insanların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss etməsi də Azərbaycanda tolerantlıq mühitinin əsas göstəricisidir. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir. Bu gün ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Ölkəmizdə dövlətin dəstəyi ilə sinaqoqlar, məscidlər, kilsələr tikilib, bərpa olunub və bu, davam etməkdədir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır və hüquqları tam təmin edilir, müqəddəs hesab olunan milli-dini bayramların keçirilməsinə yüksək şərait yaradılıb.

Hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan bayramı da ölkəmizdə böyük sevinclə qeyd edilir. Xalqımız artıq ikinci ildir ki, Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son qoymuş millət kimi qədəm qoyur. Yaxın zamanlarda əzəli torpaqlarımıza dönəcək bu məkanın sakinləri öz ocaqlarında, evlərində oruc tutub, namaz qılıb, Allaha duaların edəcəklər. Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Qeyd edək ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Allah oruc və namazlarımızı qəbul etsin!

Ramazan bayramınız mübarək!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə