Dünənimiz bizi yaşadan, nəhəng bir ağac təki köklərimizi torpağa möhkəm bağlayan səbəb, eyni zamanda sabaha uzanan yolun başlanğıcıdır. Güclü və sınmaz milli ruhumuz millət olaraq var olmağımızdır. Bu ruhu ozündə yaşadan sabaha olan inamımız, bütün yaşadıqlarına rəğmən dik duruşu ilə sınmadığını göstərən ləyaqətli Şuşamıza qovuşmağımızdır.
İnsanlıq hər zaman haqqın qələbəsinə inanıb. Bu inam bəşəriyyəti həmişə işıqlı sabaha, doğan Günəşin parlamasına, firavan həyatın başlanğıcına kökləyib. “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”. - Ümummilli lider Heydər Əliyev. Xalqın qəlbindəki inamdır onu yaşadan. Ən əsası isə rəhbərə, onun məqsədlərinə, xalq və millət yolundakı fədakar çalışmasına, əzminə olan inam. Elə bu inam və sarsılmaz ideyaların ardınca, möhkəm iradə və qətiyyətin verdiyi güclə müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın arzularını gerçəyə çevirdi, qübar edən nisgillərə son qoydu. Bu gün Şanlı Ordumuzun azad etdiyi, uzun illərdir həsrətində olduğumuz doğma Şuşamızdayıq. Haqq işini uğurla sona yetirərək qəlblərə səpilən sərinlik, mənəvi rahatlığın verdiyi əminliklə yaşayırıq. Artıq iki ildir ki, qədimi və əzəli torpağımızda ürəyimiz və ruhumuz dinc, mənən rahatlanmış kimi nəfəs alırıq. Nigaran gözlərimiz artıq iki ildir ki, Şuşanın mavi səmasını hüzurla seyr edə bilir.
Uzun illər boyu Qarabağ xanlığının paytaxtı olmuş Şuşa zamanla Azərbaycanın vacib, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilib. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılıb, sonra İbrahimxəlil xanın zamanında isə Qarabağ xanlığı güclənərək Şuşanın təbii gözəlliyi ilə yanaşı, Azərbaycanın tarixi, mədəni və ticarət şəhərinə çevrilməyinə səbəb olub. Tarixi mənbələrdə 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində Şuşada çoxsaylı sənətkar məhlələrinin yaranması, ticarətin sürətlə inkişaf etməsi, Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, İsfahan, Moskva, Həştərxan, London, Mançester, Marsel kimi böyük şəhərlərlə ticari əlaqələrin qurulmasından bəhs edilir. Artıq 20-ci əsrin ikinci yarısında dilbər güşəmiz olan Şuşa şəhər əhalisinin sayı 25 minə çatmışdı.
“Azərbaycanın musiqi beşiyi”, “Şərqin konservatoriyası”, “Qafqazın sənət məbədi” adını qazanmış Şuşa neçə-neçə dünyaşöhrətli bəstəkar, elm və mədəniyyət xadimi, sənətkar, rəssam və memar nəslinin vətəni sayılır. Böyük mədəniyyət ənənələri üzərində bərqərar olan Şuşanın özünəməxsus ruhunu duyan Ulu Öndər: - “Şuşada, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”-demişdir. Sovet dövründə ölkəmizə rəhbərlik etdiyi dönəmdə (1969-1982) “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən uzaqgörən rəhbər Qarabağa xüsusi diqqət və qayğı göstərmişdir. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin tarixini yaxşı bilən Ulu öndər 70-ci illərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi əhəmiyyət vermiş, şəhərin tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa olunmuş, həmçinin Şuşanın statusunun qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilməsinə nail olmuşdur. Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi lider bu qərarlarla tarixi əhəmiyyətli addımlar atmışdır.
20-ci əsrin sonunda SSRİ rəhbərliyinin himayədarlığı ermənilərin Azərbaycana qarşı uzun illərdir davam edən təcavüzünün növbətisinə rəvac verdi. Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan ərazisinə hərbi qüvvələrlə təcavüz edərək ərazi işğalını həyata keçirdilər. 1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 29 illik işğal ərzində Qarabağın bütün ərazisi kimi Şuşa şəhəri də viran qoyuldu, şəhərin tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan olundu, dağıdıldi və məhv edildi.
Ölkə rəhbəri İlham Əliyevin düşünülmüş və məqsədyönlü addımları, döyüş meydanında Azərbaycan Ordusunun qazandığı qələbələr tariximizin ən böyük dönüş dövrünü yaratdı. Savaşla yanaşı diplomatiya sahəsində də əldə olunan uğurlar İkinci Qarabağ müharibəsindəki qələbəni şərtləndirdi. 2020-ci il 8 noyabr isə tariximizə qızıl hərflərlə yazıldı. Babalarımızdan bizə əmanət qalmış müqəddəs və qədim Şuşa qüdrətli Azərbaycan Ordusu tərəfindən əsarətdən azad edildi. Bu tarix Zəfər günü kimi ömrümüzə əbədi yazıldı. Azərbaycanın milli maraqlarını hər zaman ön planda saxlayan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
İmmiyə Zamanova
YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB