Televiziyada zərərli məhsulların nümayiş etdirilməsinə BAXIŞ - SORĞU

Televiziyada zərərli məhsulların nümayiş etdirilməsinə BAXIŞ - SORĞU

“Space” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08:00-dan 11:00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb. Bəs, gəlin görək şəhər sakinləri televiziyada zərərli məhsulların nümayiş etdirilməsi barədə nə düşünürlər?

Şəhər sakini Nəzakət Qafarova: “Ümumiyyətlə energetik içkilərin və yaxud alkoqollu içkilərin televiziyalarda yayımlanması heç düzgün bir qərar deyil. Çünki televiziyalara təkcə böyüklər yox, uşaqlar da baxır. Onlar az yaşlarından gördüklərini örnək götürürlər. Bu səbəbdən energetik və alkoqollu içkilərin televziyalarda nümayiş olunması düzgün deyil”.

Şəhər sakini İslam Bayramov: “Bildiyimiz kimi energetik və alkoqollu içkilərin istehlak olunmasının insan orqanizminə ciddi zərərləri var. Bu səbəbdən televiziyalarda bu cür məhsulların, həmçinin tütün məhsullarının belə nümayiş olunması düzgün deyil. İndiki dövrdə uşaqlar televiziyaya maraq göstərirlər. Onlar üçün müəyyən uşaq proqramları nümayiş olunur. Belə bir zamanda televiziyalarda bu cür zərərli məhsulların yayımlanması birmənalı şəkildə düzgün deyil”.

Şəhər sakini Reyhan Müslümova: “Televiziyalarda energetik və yaxud da alkoqollu içkilərin nümayiş etdirilməsi düzgün deyil. Çünki televiziyaya uşaqlar, yeniyetmələr baxırlar. Onlar bu reklamlara baxıb pis vərdişlərə yiyələnə bilərlər. Bu səbəbdən bu cür reklamların nümayiş olunması əvəzinə, daha faydalı reklamlar nümayiş olunsa, yaxşı olardı”.

Şəhər sakini Kənan Quliyev: “Bu gün televiziyalarda bir çox reklamlar nümayiş olunur. Bu reklamlara böyüklər də, kiçiklər də baxırlar. Əsasən də uşaqlar. Onlar bu reklamları görür və bu reklamlardan örnək götürürlər. Bu səbəbdən televiziyalarda zərərli məhsulların və ya içkilərin nümayiş olunması birmənalı şəkildə düzgün deyil”.

Şəhər sakini Nazlı Abdullayeva: “İndiki dövrdə gənclər, xüsusilə yeniyetmələr çox qəribədilər. İnsan düşünür ki, görəsən indiki gənclərin axırı hara gedir? Televiziyalarda alkoqollu, spirtli içkilərin reklam olunması qətiyyən düzgün deyil. Çünki gənclər bunu görür və bundan örnək götürürlər”.

Şəhər sakini Murad İsmayılov: “Ümumiyyətlə televiziyalarda bu cür məhsulların yayımlanması və yaxud da reklam olunması düzgün deyil. Uşaqlar bunları görür və onlara mənfi təsir edir. Bu zərərli məhsulların əvəzinə daha faydalı məhsullar yayımlansa, daha yaxşı ola bilər”.

Şəhər sakini Hüsniyyə Quliyeva: “Ümumiyyətlə indiki uşaqların bu cür məhsulları görüb bu kimi zərərli məhsulları vərdiş etmələri qətiyyən düzgün deyil. Bizim uşaqlarımız televiziyaya baxıb nə örnək götürəcəklər? Bu kimi halların qarşısının alınması üçün ciddi şəkildə tədbirlər görülməlidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə