Bu XXI əsr nə əsr imiş belə? Maşallah...Texnikanın, texnologiyanın inkişafı zirvədə. İnsanların inkişafı zirvədə. Texnologiya və insanın birgə əməlindən inkişaf edən digər sahələr də zirvədə. Göz dəyməsin...
Bir zamanlar bu günləri heç təsəvvürümüzə belə gətirə bilməzdik. Fədakar ziyalılarımız elm, maarif toxumu səpib illərlə cücərməsini görmədən dünyalarını dəyişəndə nə bilərdik ki, əsrlər sonra bu toxumlar yerdən qanad alıb göydə uçacaq. Özünü qəzet çıxarmaq yolunda fəda edən Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və onlarla onlar kimi ziyalı bir zamanlar bir nömrə qəzet çıxarmaq üçün bir ay əziyyət çəkəndə nə bilərdik ki, zaman gələcək, bir saat içində yüzlərlə qəzet işıq üzünə doğru qanad çalacaq. Məktubumuzu Novruzəliyə verib poçt qutusuna salmağa göndərəndə, yazıq kişi də oturub qutunun yanında gözləyəndə və başına iş gələndə nə bilərdik ki, bir necə əsr sonra məktubumuzu bir düyməni basmaqla uçuracağıq. Rəhmətlik Molla Nəsrəddin uzunqulağı minib məmləkətin bu başından o başına günlərlə gecəli-gündüzlü yol gedəndə nə bilərdik ki, vaxt gələcək, o yolları bir saata, 30-45 dəqiqəyə uçacağıq. Fatmanisə oğluna göndərdiyi sovqatı onun alıb-almamasından xəbər tutmaq üçün bir aydan sonra məktub alanda nə bilərdik ki, illər sonra sürətli karqolar sovqatımızı ünvan başına ildırım sürətilə uçuracaq. Bütün bunlar çox gözəl. Lakin məsələn, toy, bayram, yaslarımızda, davranışımızda, oturub-duruşumuzda, danışığımızda adət-ənənələrimiz vardı ki, onlara bircə-bircə riayət etdiyimiz vaxtlar nə bilərdik ki, illər bizi quş qanadında onlardan əsər-əlamət qalmayan bu illərə uçuracaq. Bu illərdə isə arzular, istəklər bizi haralardan haralara uçuracaq...
Bəli, təsəvvürümüzə gətirə bilmədiyimiz o qədər hadisələr var ki... Məsələn, sərlövhəmlə yazdıqlarım arasında əlaqənin olmadığını eşitməmiş ta mətləbə gəlməyin vaxtı çatdığını anladığım kimi. Vallah qınamayın, mən inkişafdan danışıram. Yazdıqlarımda da bir qüsur yoxdur məncə. Texnologiyanın, insanların, onların birgə inkişafının nəticələrini sadalamaqda nə qəbahət var ki? Qəbahət ondadır ki, bəli, indi inkişafı elə bir həddə uçurmuşuq ki, özümüz də bilmirik o qanadlarda uçub gedib hara düşmüşük. Bir də ki, niyə bilmirik axı, yaxşı bilirik. Sadəcə başımız qazanca elə qarışıb ki, hələ fərqində deyilik. Yoxsa uça-uça düz uçrumun kənarındaca ilişib hələlik birtəhər dayanmışıq. Bu inkişafla çox keçməz o uçurumdan aşağı yuvarlanıb həyata əlvida deyərik.
Hə, mətləb, deyirsiniz, gəlim. Mətləb budur ki, xəbəriniz olsun, sarımsaqlar uçur. Bunu mənim kimi müşahidə edənlərin hamısı da heyrətdən uçur. Göyə uçmur, xeyr, o uçuruma doğru uçur. Sonumuzun çatdığı o uçuruma doğru. Biz əlimizə iynə alıb bir qramlıq nə bilim nəyləsə cücənu 2-3 illik toyuq həddinə çatdıranda, yumurta, kartof, süd tozunu düzəldib suya salmaqla onları əldə edəndə, tərəvəzin, ərzağın genini dəyişib məhsuldarlığı artırarkən inkişafımıza sevinəndə o uçurumu heç düşünmürdük. Hələlik ki, bunlar arasında uçanı yoxdur, uçan bir sarımsaqdır. Onun da uçma səbəbi gücünü enməyimizə, buna “qüruru” tab gətirmədiyinə görə belə tez baş verib. Yoxsa sarımsağa yaxın düşmək olardı? Qoxusu bir yandan, dadı bir yandan, acısı bir yandan adama zülm edərdi. İndi gör bizim inkişaf hansı zirvədədir ki, sarımsaq qarşımıza ağ bayraqla çıxıb, məğlub olduğunu etiraf edir.
Hadisənin baş vermə ardıcıllığını gözlərinizlə görmək istəyirsinizsə, bazar, marketlərdən sarımsaq alın. Lakin lazım olanda arxayın olmayın ki, evdə sarımsaq var. Çünki bir neçə gündən sonra əlinizi atıb götürmək istəyəndə onun uçduğunu, yerində sadəcə qabıqlarının qaldığını görəcəksiniz. Ona görə də məsləhət görürəm ki, sarımsağı çox az alasınız, yoxsa, sarımsaqlar kimi, pulunuz da uçub ərşə qalxar. Ağlınız heç də əvvəlki sarımsaqlara getməsin ki, analarımız bu il turşu qoyarkən istifadə etdiyi sarımsaqların artıq qalanından gələn il turşu qoyanda istifadə edirdi. Bunu unudun. Çünki sarımsaqların başına XXI əsrin inkişaf etmiş insanı nə oyun açıb, bilmirəm, onlar bizdən üz döndərib evlərimizdən uçurlar...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB