Bəlkə də 10 gün olar, Bakı şəhəri Xətai rayonu, Fəzail Bayramov küçəsində, Bakı Əyləncə Mərkəzinin yaxınlığında, əhalinin sıx hərəkəti olan küçədə səkinin bir hissəsində heç kim bilmir, nə üçün, niyə, hansı səbəbdən söküntü işləri aparılıb. Səkidəki asfalt səliqəli şəkildə kəsilib, bir kənara yığılıb, təmir olunacaq ərazi ətrafdan təcrid olunub. Çox gözəl, təcrid olunub ki, buradan keçən uşaq-böyüyün ayağına dolaşmasın. İnsanları bundan artıq ta necə düşünmək olar ki? Lakin maraqlı digər bir məsələ də var, kəsilən, artıq tullantıya çevrilən asfalt parçaları aparılmayıb, elə ərazi tullantı qarışıq lentə alınıb.
Həyatda hər gün onlarla yeniliklərlə qarşılaşırıq. Ona görə də sakinlər tullantının burada qalmasına da bir o qədər üzülməyib. Düşünüblər ki, yəqin tullantıya yeni həyat veriləcək, ondan təmir üçün istifadə olunacaq. Deyiblər ki, gözləyək, görək necə olur.
Günlərdir ki, həmin ərazidən bir təhər keçirlər, gedirlər, gəlirlər. Böyük həsrətlə bu gün, ya sabah gələrlər, düzəldərlər deyib, gözləyirlər. Gözləmək də belə olub ki, ötən həftə əsən güclü külək həmin təcrid olunmuş əraziyə çəkilmiş lentləri da qırıb dağıdıb, bir-birinə dolaşdırıb. İndi ərazinin ətrafdan heç bir təcridi də qalmayıb. Ortalıqda olan darısqal səki, bu səkidə asfaltı kəsilmiş hissə və kiçik tullantı təpəciyidir.
Küçənin sakinləri isə buradan hər gün dəfələrlə keçmək məcburiyyətindədirlər. Çünki yaxınlıqda alternativ səki yoxdur. Bu sahəyə yaxınlaşanda uşağın əlindən möhkəmcə yapışmaqdan, adam çox olanda dayanıb gözləməkdən, bir də kiminsə gəlib bu işi başa çatdırmasına ümid bağlamaqdan başqa çarə yoxdur.
Maraqlıdır, əgər bu təmirdirsə, nə üçün səkinin bir o hissəsindədir, hansı ki, səkinin ümumi vəziyyəti heç də xoşagəlim deyil. Yox, əgər ayrı səbəbdəndirsə, hə, bu, başqa məsələ... Lakin sakinlərin də haqqı var səkidə nə baş verdiyindən xəbərdar olmağa, bunu hansı təşkilatın etdiyini bilməyə və səkinin nə vaxt düzələcəyini heç olmasa təxmin etməyə.
Bu günü nəzərə almasaq, sabahla-cümə ilə həftənin tamam olmasına cəmi bir gün qalır. Sonra şənbə, bazar və iki gün Ramazan bayramı. Sakinlərinsə ümidi sabahadır, yəni cümə gününə. Bu səki təmir olundu, olundu, olunmadısa, qaldı Ramazan bayramından sonraya, yəni may ayına. Ona da ki, təvəkkül Allaha.
Bu səkidən nə üçün bir parça qoparıldığını, tullantının yerindəcə qaldığını, nə vaxt təmirin aparılmasının reallaşacağını, xüsusilə də hansı təşkilatın bu işə cavabdeh olduğunu bilən varsa, desin. Çünki həmin küçədə yaşayan sakinlərin gözü yolda, qulaqları səsdədir.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB