Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi və "Pasha Holding"in sponsorluğu ilə Fəvvarələr meydanında II Autizm Festivalı təşkil olunub. SİA xəbər verir ki, festivalda ölkı üzrə fəaliyyət göstərən 30 autizm mərkəzi bir araya gəlib. Onlar burada autizmli uşaqların reabilitasiyası ilə bağlı işlərini nümayiş ediriblər.
Festivalda müsahibə verən millət vəkili və Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti Jalə Əhmədova bunları deyib: “Çox şadam ki, bu gün burada bu qədər insan toplaşıb. Sağolsunlar ki, autizmli uşaqlara dəstək olurlar. Bütün bunları görmək çox xoşdur".
Jalə Əhmədova qeyd edib ki, dövlətin bu uşaqlarla bağlı bir çox layihələri var: “Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman bu məsələlərə dəstək olub. Biz də onun siyasətini davam etdiririk. Əlimizdən gələn qədər çalışırıq ki, bu uşaqlara dəstək olaq. Dəstək də ondan ibarətdir ki, bu uşaqlar sosiallaşmalı, cəmiyyətdən kənarda qalmamlıdırlar. Bunu da onlara diqqət və qayğımızı göstərməklə edə bilərik”.
Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli isə aprel ayının autizmlə bağlı maarifləndirmə ayı olduğunu vurğulayıb: “Bununla əlaqədar olaraq, 2-ci Azərbaycan Autizm festivalı təşkil etmişik. Festival çərçivəsində bir neçə idman yarışları və tədbirlər həyata keçirilir. Bu gün də sonuncu tədbiri burada keçiririk. Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klubları bu gün öz fəaliyyətlərini canlı olaraq insanların diqqətinə çatdırırlar. Festivalın məqsədi autizmli uşaqları cəmiyyətin diqqətinə çatdırmaq və bu uşaqları həyata sevgi dolu bağlamaqdır”.
İkinci Autizm Festivalı Təşkilat Komitəsinin üzvü Asim Vəliyev isə yekun olaraq tədbirin əsas məqsədini qeyd edib: “Məqsəd cəmiyyətin diqqətini autizmli insanlara yönəltmək və onlara daha çox diqqət-qayğı ayırmaqdır. Bir ifadə bizim şüarımızdır ki, “autizm xəstəlik deyil, fərqlilikdir”. Onlar bizdən fərqli insan deyillər və bu uşaqların cəmiyyətə adaptasiyası önəmli məsələdir. Onları cəmiyyətə qazandırmaq lazımdır. Dünya təcrübəsində görünür ki, autizmli şəxslərin idman sahəsində çox ciddi nailiyyətləri var. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk.
Asim Vəliyev vurğulayıb ki, bu gün festivalda 17 autizmli insanlarla məşğul olan mərkəzlər öz işlərini sərgiləyir: “Burada onlarla yanaşı digər autizmə aidiyyatı olan qurumlar da iştirak edir. İnşallah, bu kimi festivallar davamlı olacaq”.
Xatırladaq ki, 2 aprel Dünya Autizm Məlumatlandırma günüdür. Bu münasibətlə aprel ayı autizm ayı hesab olunur. Azərbaycan Autizm Assosiasiyası ay çərçivəsində autizmli uşaqlar arasında bocce, stolüstü tennis, velosiped, atletika və futbol yarışları təşkil olunub. Bütün bu tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.
Autizmin fərqindəyik, onların yanındayıq.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB