Ali təhsil müəsissələrində xüsusi forma olmalıdır? - SORĞU

Ali təhsil müəsissələrində xüsusi forma olmalıdır? - SORĞU

Azərbaycanda orta ümumtəhsil müəsissələrində şagirdlər xüsusi formadan istifadə edirlər. Həmçinin ölkəmizdə fəaliyyət göstərən bəzi akademiyalar da digər müəsissələrdən fərqlənmək məqsədi ilə xüsusi formadan istifadə edir. Lakin bununla yanaşı ölkəmizdə əksər ali təhsil müəsissələrində isə sərbəst geyimə üstünlük verilir. Bəs bütün ali təhsil ocaqlarının özünəməxsus şəkildə forması olsa necə olardı? Mövzu ilə əlaqədar olaraq SİA tələbələr arasında sorğu keçirib.

Bakı Dövlət Universitetinin tələbəsi Fatma Abdullayev: “Mənim fikrimcə, orta ümumtəhsil müəsissələrində formalı geyimlərdən istifadə olunması daha çox məqbuldur. Lakin universitetlərdə isə formadan istifadə olunmasına qarşıyam. Çünki formalardan məktəblərdə istifadə edirik və demək olar ki, şagirdlər belə bu tətbiqdən sıxılırlar. Belə olduğu halda da tələbəyə kiminsə məcbur bir şəkildə hər hansısa bir formanı geyindirməsi düzgün deyil. Ali təhsil müəsissələri azad bir mühitdir. Bunun üçündə belə mühitdə kimisə sıxışdırmaq olmaz. Həmçinin bu kimi şeylər əlavə maddiyyat tələb edir və bunu tətbiq etməklə heç bir effekt əldə etmək mümkün olmayacaq. Ümumilikdə isə ali təhsil ocaqlarında tələbələr üçün xüsusi formanın tikilməsinə bir mənalı olaraq qarşıyam”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi İlkin Hüseynov: “Universitetlərdə sərbəst geyim olmalıdır. Fikrimcə, insanlar tədris müddətində hər hansısa bir təzyiq altında olmamalıdırlar. Çünki bu müəyyən qədər tədris prosesinə təsir edəcək. Həmçinin universitet tələbələrinin yaşını nəzərə alsaq görərik ki, bu yaş dövründə insanlar necə geyinəcəyini yaxşı bilirlər. Ona görə də əgər ali təhsil müəsissələrində bu kimi nizam intizam təzyiqi yaratsalar tələbələr diqqətini təhsilə verə bilməyəcək”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Nərmin Abidova: “Sərbəst geyim insanın rahatlığını təmin edir ki, bu da insanın özünü rahat hiss etməsinə səbəb olur. Düzdür, bəzi akademiyalar var ki, onlarda xüsusi geyim tələb olunur. Lakin bu məncə, həmin akademiyaların digərlərindən fərqlənməsi üçün tətbiq olunur. Hərbi akademiyalarda isə ciddiliyin qorunması üçün formalardan istifadə olunur. Ancaq digər universitetlərdə isə hər hansısa bir xüsusi formanın tətbiq edilməsi lazım deyil”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Sabir Dadaşov: “Mən bir tələbə olaraq sərbəst geyimin tərəfdarıyam. Çünki onsuzda orta ümumtəhsil müəsissələrində formadan istifadə olunur, ona görə də ali təhsil müəsissələrinin formadan istifadə olunması çox yersizdir. Qeyd etmək istərdim ki, bütün dünyada universitetlərdə sərbəst geyimlərdən istifadə olunur. Hətta təklif edərdim ki, yalnız özəl universitetlərdə xüsusi geyim olsun, dövlət universitetlərində olmasın”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Mehparə Məmmədova: “Təbii ki, univeristetlərdə sərbəst geyim tətbiq olunmalıdır. Çünki insan gündəlik olaraq eyni geyimdən istifadə etsə həmin forma bir müddət keçdikdən sonra ona sıxıcı gələcək və yeindən istifadə etmək istəməyəcək. Amma sərbəst geyim ona görə yaxşıdır ki, insan özünü daha rahat hiss edir və sıxılmır. Lakin hamımızın da bildiyi kimi bəzi universitetlərimizdə xüsusi formadan istifadə olunur. Düzdür, vizual olaraq yaxşı görünsə də, bunun bütün universitetlərdə tətbiq olunması düzgün addım olmaz”.

Azərbaycan Pedaqoji Universitetinin tələbəsi Təhminə Səfərova: “Zənnimcə hər universitetin özünə uyğun forması olmalıdır. Günümüzdə də bəzi universitetlərdə bunlar mövcuddur. Məncə forma daha səliqəli və gözəl görünür. Kənardan baxanda tam tələbə görüntüsünü verir. Hazırda universitetlərdə bir çox tələbələrin görüntüsü insana xoş təsir bağışlamır. Lakin hər bir tələbə xüsusi formadan istifadə etsə bu kimi hallar baş verməz”.

Bakı Dövlət Universitetinin tələbəsi Sona Şixəmirli: “Məncə, sərbəst geyim yaxşıdır. Hətta deyərdim ki, vacibdir. Çünki biz 11 il ərzində onsuzda formada oluruq. Tələbə daha azad və sərbəst olmalıdır. Biz peşə öyrənirik, gələcəyimizi qururuq. Uşaq deyilik ki, formada gəzək. Bu mənə görə bizim fiziki baxımdan istəklərimizi, azadlığımızı əlimizdən almaqdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə