Bakının Qaradağ rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
2022-ci il aprelin 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Mənəviyyatımızın örnəyi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Zərifə xanımın ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavin Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, farmokoloji elmlər doktoru Məhbubə xanım Vəliyeva, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Fikriyyə xanım İbrahimli, oftomoloq-alim,Hicran xanım Həşimova, rayonun səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak ediblər.
Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri açaraq akademik Zərifə Əliyevanın keçdiyi həyat yolundan və elmi fəaliyyətindən bəhs edib. O bildirib ki, Zərifə xanım Əliyeva həm ümummilli lider Heydər Əliyevin sədaqətli həyat yoldaşı, həm görkəmli alim, həm də qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub. O, daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olub.
Daha sonra T.İsmayılova qeyd edib ki, yüksək intelektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti Zərifə xanımı hamıya sevdirirdi və Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış bu xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. O, belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Bu böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyin müalicəsi uğrunda tədqiqat aparmış, fədakarlıq göstərmiş və nadir mütəxəssislərdən biri kimi dünya şöhrəti qazanmışdır. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi”.
Növbəti məruzə ilə çıxış edən farmokologiya elmləri doktoru Məhbubə Vəliyeva deyib: “Akademik Zərifə Əliyeva fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir”.
Natiq qeyd edib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
M.Vəliyeva Zərifə Əliyevanın 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsini, elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısını yaratdığını, Zərifə xanımın 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilməsini, onun dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlməsini, Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmasını, bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək, bu mükafatı alan ilk qadın olmsını, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərməsini, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmasını, Əməkdar elm xadimi kimi şərəfli adı ləyaqətlə daşımasını və digər faktları dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli çıxış edərək həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq Zərifə xanım Əliyevanın Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğuladı. O qeyd etdi ki, Zərifə Əliyeva məşhur alim, istedalı insan olmaqla yanaşı müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş anadır.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında zəngin dövlətçilik tarixi olan Azərbaycan xalqının tarixi-milli ənənələrində, o cümlədən də Səfəvilər kimi qüdrətli imperiyanın yaranmasında qadın siyasətçilərin,diplomatların,alim və şairlərin böyük rolundan danışıb. O, bildirib ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan, Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Biz ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Natiq eyni zamanda milli-tarixi ənənələrin davamçısı kimi bu gün ölkəmizin bütün sahələrində, xüsusən də səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti olduğunu vurğulayıb və onun ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün gördüyü işlərin, Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi humanitar layihələrin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini, Mehriban xanımın şəxsində bütün Azərbaycan qadınlarına dünyada böyük hörmət və ehtiram qazandırdığını qeyd edib.
Lökbatan Tibb Mərkəzinin oftalmoloqu Hicran Həşimova çıxış edərək, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan böyük alimin xatirəsini anıb.
Digər çıxışçılar akademik Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışmış, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını vurğulayıblar.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB