Ucalıq zirvəsinə aparan müqəddəs yol ŞƏRH

Ucalıq zirvəsinə aparan müqəddəs yol ŞƏRH

Vətən torpağımızı qanı ilə boyayan şəhidlərimiz elə bir zirvəyə yüksəliblər ki, onların məskən saldıqları ucalıq müqəddəs məkandır. Azərbaycan bayrağını ucaldan, onun müqəddəsliyini hər şeydən uca tutan şəhidlərimizin uyuduğu məkanlar hər bir azərbaycanlının müqəddəs ziyarətgah yerinə çevrilib. Xalqın haqq səsi, azadlıq səsi olan şəhidlərimizin həyat yolu bir şeirdir, nağıldır, dastandır ki, bu yazıları – qəhrəmanlıq nümunələrini yazdıran onların müqəddəs əməlləridir. Can verib torpağı azad etməkdən müqəddəs əməl, yol varmı, görəsən?
Bir şəhid anası ilə söhbətə başlamaq, onun ocağında böyüyən övladının kimliyini, insani keyfiyyətlərini öyrənmək çox çətindir. Saçları ağırmış, gözündə niskil, qəlbində kədər daşıyan bir ananın söz mücrüsündən gələn sözlər insanı heyrətləndirir. Qəribədir, iki dünya yaşayır ananın vücudunda, özündə, əməlində: bir dünyası ömrünə xəzan naxışı vurulmuş, evinin qapısını döymüş soyuq ruzigardan donan, digər dünyası əyninə qanından libas geyinib, düşmənə hünər göstərən şəhidin məğrur, əyilməz anası. Bu anda bir şeir parçası keçir düşüncəmdən:
Ay ana, saçını dərddən ağartma,
Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Bu ana Ülviyyə Abbasovadır. Vətən üçün oğul ərsəyə gətirən ana - Ülviyyə ana. Şəhid Mürşüd Əhmədzadənin anası. Bu gün Mürşüd təkcə Ülviyyə xanımın yox, on milyonluq Azərbaycan xalqının oğludur. Bir evdən boy atan Mürşüd bütün Azərbaycanın övladına çevrildi.

ERMƏNİDƏN İNTİQAM ALMAQ HİSSİ QƏLBİNDƏN, DÜŞÜNCƏLƏRİNDƏN UZAQ OLMAYIB

Ana deyir ki, oğlu Mürşüd Əhmədzadə 1 aprel 2000-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2006-2017-ci illərdə Tərtər rayon Evoğlu kənd tam orta məktəbdə təhsil alıb. Uşaqlıqdan ailənin sevimlisi olub. Mərd, çevik oğlan hər kəsin hörmətini qazanmışdı. Ana üçün çətin idi şərəfli ömür yolundan danışmaq. Göz yaşı və qürurla mübarizə aparır ana. Axı danışan anadır. Körpəlikdən son anına qədər olub keçənlər yadına düşür və onu təsirləndirir. Ana deyir ki, oğlu 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edib. 2019-cu ildə hərbi xidmətdən təxris olunub. Həyacandan səsi titrəyir. Əsl kişilik məktəbindən keçən oğlunun döyüşkən ruhu sanki onu yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad oluması üçün müharibəyə hazırlayırdı. Hər ötən gün bu tarixi yaxınlaşdırırdı. Uşaqlıqda, məktəb illərində, ata-anasının danışdıqları onda düşmənə nifrət hissi aşılamışdır. Ermənidən intiqam almaq hissi qəlbindən, düşüncələrindən uzaq olmamışdır. Ülviyyə ana onu bildirdi ki, oğlu hər dəfə Bakıya gələndə Şəhidlər xiyabanı ziyarət edirdi və deyirdi ki, onlar bizim, torpağımız uğrunda şəhid olublar. Onların qisasını biz almalıyıq. Qisas qiyamətə qalmadı.
Ülviyyə ana bir gün evində soyuq ruzigarın əsəcəyini düşünsə də övladının azadlıq istəyi, vüqarı qarşısında susdu. Həm də ona görə susdu ki, axı bu torpaq ana vətəndir. Vətəni qorumayan oğul, anasını necə qoruya bilər?! Anadan xeyir-dua aldı. Ana onu da deyib ki, oğul, biz ermənini qarşısında qəddimizi əyə bilmərik. Azərbaycan xalqı həmişə mübarizələr içində olmuş, vüqarı ilə seçilmişdir. Bu söz elə Mürşüdə bəs edərdi. Ülviyyə ana deyir ki, Mürşüd 8 sentyabr 2020-ci ildən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçu olaraq davam etdirirdi. Qorxmadı heç nədən mənim balam, deyir, - ana. Axı Mürşüdüm uşaqlıqdan mərd idi.
Azərbaycan Ordusunun əsgəri olan Mürşüd Əhmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. Tezliklə qələbə qazacağımıza inanırdı. Bu ruhu ona verən ordumuzun gücü idi, yaşıdları arasında olan vətənpərvərlik hissinini yüksək olması idi. Mürşüd Əhmədzadə 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olur. 20 yaşlı qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlir. Həyatdan doymayan, arzuları yarımçıq qalan Mürşüd şəhid olur. Uzun müddət nəşi neytral zonada qalaraq çıxarıla bilməmişdir. Mürşüd Əhmədzadənin nəşi 27 noyabr 2020-ci ildə neytral zonadan çıxarılaraq doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilir.

"MÜRŞÜDÜM ŞƏHİD OLAN GÜNÜ YOL İLƏ GEDƏNDƏ QERİ-İXTİYARİ OLARAQ HUŞUM GETDİ"

Ana deyir ki, oğlu şəhid olan günü, ona agah olub. Ananı qəhər boğur, amma sözünə davam edir: həmin gün yuxuda gördüm ki, Mürşüdün iki yaşı olar və o, ağaca çıxıb. Oradan mənimlə söhbət edir. Sən demə həmin gün o, şəhidlik zirvəsinə yüksəlibmiş. Ananın yarası qaysaq bağlamayıb. Ana bilmir ağlasın, yoxsa… Haqqın dərgahına ucalan oğlunun adı tarix yazan qəhrəman vətən oğulları sırasındadır. Şəhiddir. "6 oktyabr tarixində oğlum Mürşüdün şəhid olan günü yol ilə gedəndə qeri-ixtiyari olaraq huşum getdi və yerə yıxıldım, - deyə ana sözünə davam edir: "Demə, mənə hər şey agah olub. Qonşumuz olan Ceyhun Hacızadə də Vətən müharibəsində şəhid olub. Biz kəndimizdə onların adı yaşasın deyə bulaq tikdirmişik. Mürşüd və Ceyhun bulağı."
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürşüd Əhmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mürşüd Əhmədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Daha sonra Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mürşüd Əhmədzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Bu təltiflərin hər biri ana üçün çox əzizdir. Onun oğlu vətən torpağının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

BAŞINI DİK TUT, ANA, BU TORPAĞIN OCAĞI SÖNMƏDİ

Deyirlər, şəhidlər ölmür və onların ömrü dünya qədər sonsuz və əbədidir. Can verib bu torpağı qoruyan şəhidlərimizə borcluyuq. Ona görə ki, açıq səma altında, ad-alovsuz bir torpaqda yaşayırıqsa onlara borcluyuq. 44 günlük Vətən müharibəsində öz əcdadlarından, ata-babalarından qeyrət dərsi alanlar Azərbaycan məmləkətini qorumaq üçün silahlanıb od-alov içində atıldılar. Minlərlə vətən oğlu torpaq müqəddəsliyini hər şeydən uca tutub bu yoldan geri dönmədilər. 30 ilə yaxın zamanda işğalda olan torpaqlarımızın bir gün azad olacağına inanırdılar. İnanırdılar ki, bu ağlı-qaralı dünyada bir gün ədalət qalib gələcək və haqq yolunda vuruşmağı çoxdan gözləyirdilər.
Ana, başını dik tut, şəhidlər qoymadılar bu torpağın ocağı sönsün. Bu gün bütün millətimiz başını uca tutub. Bayrağımız da qürürla dalğalanır. Şəhid qanı ilə suvarılmış torpaqlara sancılan üç rəngli BAYRAĞIMIZ.
Bu gün vətən torpağının azadlığı yolunda canından keçmiş şəhidlərimiz xalq qəhrəmanına çevrilib. Düşmənə hünər göstərən, bax torpaq uğrunda belə qan tökərlər, - deyən vətənpərvər oğullarımızın döyüş yolu hünər dastanına çevrilib. Şəhidimizin qanı yerdə qalmadı, torpaqlarımız erməni təcavüzkarlarının işğalından azad olundu. İndi Mürşüd və minlərlə şəhidimizin ruhu şaddır. Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə