Bakıda "Formula-1" yarışlarının keçirilməsinə CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

Bakıda "Formula-1" yarışlarının keçirilməsinə CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

“Formula-1” açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. “Formula-1” üzrə dünya çempionatı isə hər il keçirilir. Artıq bir neçə ildir ki, bu yarışlar davamlı olaraq ölkəmizdə keçirilir. Bu il keçiriləcək “Formula-1” yarışları isə yaxınlaşmaqdadır. Biz də SİA olaraq, bu yarışlarla bağlı şəhər sakinləri arasında sorğu keçirdik.

Şəhər sakini Zöhrab Allahverdiyev: "Azərbaycanda bu cür oyunların keçirilməsi çox yaxşıdır. Biz də bir vətəndaş olaraq fəxr edirik ki, ölkəmizdə bu cür beynəlxalq səviyyəli yarışlar keçilir. Bu cür oyunların keçirilməsi Azərbaycanın dünyada tanınması baxımından çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda düşünürəm ki, bu oyunlar olduqca maraqlı keçir və şəhərin əhval-ruhiyyəsinə bir rəngarənglik qatır”.

Şəhər sakini Aləmzər Quliyeva: “Keçən il də yarışları izləmişdim. Maraqlı olduğunu düşünürəm. Eyni zamanda bu cür oyunlar ölkəmizin dünya səviyyəsində tanıdılmasına şərait yaradır. Bundan əlavə ölkəmizə müxtəlif ölkələrdən qonaqlar gəlir. Bu isə biznesin inkişafına da öz müsbət təsirlərini göstərir”.

Şəhər sakini Xaliq Quliyev: "Əslində bu oyunları izləmək mənim üçün maraqlı deyil. Çünki mənə görə, adi maşınlardır. Gün ərzində biz də maşın sürürük. Amma bu yarış zamanı yollarda problem yaranır və camaat narahat olur”.

Şəhər sakini Fatimə Süleymanova: “Ümumiyyətlə “Formula 1” yarışlarını izləməmişəm, çünki ümumi olaraq bu tip yarışlara marağım yoxdur. Amma yarışların keçirilməsi yol baxımdan mənə problem yaratmır. Çünki dərslərim şəhər ərazindən kənardadır. Mənə elə gəlir ki, ölkənin tanınması baxımından olduqca yararlıdır”.

Şəhər sakini Kamran Bağırov: "Düşünürəm ki, bir çox ölkələrdən turist axını olur. Bu isə ölkəmizin tanınması baxımından çox yaxşıdır.
Amma ümumi olaraq bu oyunlar mənə maraqlı deyil, demək olar ki, izləmirəm”.

Şəhər sakini Zöhrə Məmmədova: “Formula 1” yarışlarının şəhər ərazisində keçirilməsi əslində mənim üçün heç bir problem yaratmır. Çünki nəqliyyatdan və s. daimi istifadə etmirəm. Lakin eyni şəkildə bir xeyiri də yoxdur, çünki mənim marağımı cəlb etmir. Amma düşünürəm ki, ölkəmiz üçün bu cür oyunların keçirilməsi əhəmiyyətlidir”.

Şəhər sakini Cəlal Abışov: “Mənə görə bu yarışlar o qədər də maraqlı deyil. Üstəlik şəhərdə bu ərəfədə səs-küy də artır. Amma ümumilikdə ölkə üçün əhəmiyyətlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə