Ana dilinin qayğısına qalmayan millətin özü də məhv olmağa məhkumdur - EKSPERT DANIŞDI

Ana dilinin qayğısına qalmayan millətin özü də məhv olmağa məhkumdur - EKSPERT DANIŞDI

“Dil bir millətin varlığını təstiq və sübut edən ən önəmli faktorlardan biridir. Əgər bir millətin öz dili yoxdursa, yaxud da ki, millət öz dilinin qayğısına qalmır, onu qorumursa, həmin millətin özü də məhv olmağa məhkumdur”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, bu baxımdan dil istənilən millət üçün ən önəmli mövcudluq faktorlarından biridir: “Amma təəssüflər olsun ki, bəzi insanlar hətta deyərdim ki, bir çox insanlar bunun fərqinə varmırlar. Ana dili ilə bağlı çox məsuliyyətsiz davranır, dili arxa plana keçirirlər. Xarici dilləri isə ön plana çıxarmağa çalışırlar. Hətta bəzi insanlar var ki, onlar Ana dilimizi bir kənara buraxaraq, övladlarını xarici dillərdə oxudurlar. İddia da edirlər ki, xarici dillərdə oxuyanlar daha vətənpərvər olacaq, daha dövlətə bağlı olacaqlar. Bunlar təbii ki, yanlış fikirlərdir. Bir millətin övladı öz Ana dilini bilməzsə, Ana dilində təhsil almaz və öz doğma dilini mükəmməl səviyyədə mənimsəməzsə, gələcəkdə millətə xeyirli övlad olmaz. Bu baxımdan dil önəmli faktordur. Millətin mövcudluğunun səbəblərindən biri dildir. Eyni zamanda bir fərdin öz millətinə bağlılığını təmin edən əsas faktorların da önündə gedir. Bu baxımdan Azərbaycan dövləti Ana dilimizin dövlət dili səviyyəsində mənimsənilməsi bütün mümkün vasitələrdən istifadə edir. Azərbaycan dövləti şəxsən cənab Prezident İlham Əliyev, sağlığında Ulu Öndər Heydər Əliyev nahaqdan zaman-zaman Ana dilimizə, dövlət dilinə xüsusi qayğı ilə bağlı fikirlər bildirmirdilər. Günü bu gün də cənab Prezident İlham Əliyev bütün varlığı və gücü ilə Ana dilimizin ayaqda tutulmasına çalışır və Azərbaycan dilinin yaşadılmasında fərdi, şəxsi örnəyi ilə hamıdan öndə gedir. Düşünürəm ki, hər kəs belə örnəyə söykənməlidir. Hər kəs məhz Ana dilimizə diqqət və qayğı ilə yanaşmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə