Kəkələmənin yaranmasının səbəbi nədir? - LOQOPED AÇIQLADI

Kəkələmənin yaranmasının səbəbi nədir? - LOQOPED AÇIQLADI

“Kəkələmə nitq aparatının hər hansısa bir sahəsində baş verən qıcıqlanmalar nəticəsində yaranan, nitqin tempinin və ritminin pozulmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında loqoped defektoloq Mədinə Əliheydərova bildirib.

Onun sözlərinə görə, kəkələmə ən ağır nitq qüsurlarından biridir: “Kəkələmə oğlanlarda qızlara nisbətən 4 dəfə daha çox rast gəlinir. Kəkələminin yaranmasına gətirib çıxaran müəyyən səbəblər var. Solaxaylıq nəticəsində yaranan kəkələmə, ani və xronki stres nəticəsində yaranan kəkələmələr ola bilər. Kəkələmənin yaranma səbəblərinə uşaqlıqda nitqin həddindən artıq yüklənməsi də aid edilir. Bundan başqa yamsılama, yəni böyükləri təqlid etmə nəticəsində, psixoloji səbəblərdən də kəkələmə yarana bilər. Məsələn uşağın qorxmasından sonra yaranan kəkələmələr çoxluq təşkil edir ki, valideynlər də daha çox bu səbəblə müraciət edirlər.

Hazırda cəmiyyətimizdə belə fikirlər də mövcuddur ki, kəkələmə yalnız dərman peraparatlarından istifadə və tibbi təsir nəticəsində aradan qalxa bilir. Lakin kəkələminin aradan qalxması üçün kompleks təsir mütləqdir. Bura isə həm tibbi, həm psixoloji, həm də pedaqoji təsir aiddir.

Kəkələmənin tam aradan qalxması üçün problemin mənbəyini tapmaq mütləqdir. Bu zaman psixoloq uşaqda yaranan psixoloji problemləri aradan qaldırmalıdır. Təbii ki, yaxşı nəticə əldə etmək üçün dərman müalicəsi və loqoped müalicəsi də aparılmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə