Azərbaycan xalqı vətən üçün savaşan qəhrəmanlarını unutmur - PARTİYA SƏDRİ AÇIQLADI

Azərbaycan xalqı vətən üçün savaşan qəhrəmanlarını unutmur - PARTİYA SƏDRİ AÇIQLADI

“Cənab Prezidentin İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərlə bağlı verdiyi qərar çox ədalətli bir qərardır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasınn sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, dövlət başçısı yaşından, varlığından və yoxluğundan asılı olmayaraq, hərbiçilərə, Vətən uğrunda döyüşən şəxslərə nə qədər dəyər verdiyi göz qabağındadır: “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əlamətdar hadisədir. Bu birmənalı olaraq, Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatlarının tərkib hissəsidir deyə bilərəm. İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin bu il 77-ci ili tamam olur. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını və məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, rəngindən, asılı olmayaraq neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi.

İkinci dünya müharibəsində azərbaycanlıların şücaəti əsl vətənpərvərlik nümunəsi idi. Cənab Prezident İlham Əliyev də uzaqgörən bir şəxsiyyət kimi bu gərçəklərin fərqindədir. Azərbaycan öz tarixinə sahib çıxır. İllər keçsə də, Azərbaycan xalqı və dövləti vətən uğrunda həlak olan və savaşan qəhrəmanlarını unutmur. Bu insanı qürurlandırır və gələcək nəsillərin dövlətə və xalqa inamlı, vətənə sevgi ilə böyüməsinə tövhə verir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə