Ana dilimizin hamisi Heydər Əliyev

Ana dilimizin hamisi Heydər Əliyev

Hər bir xalqın milli varlığını, kimliyini təsdiq edən ən mötəbər sənəd ilk növbədə onun doğma ana dilidir. Dil milləti yaşadan yeganə və təkrarsız bir mənəvi sərvətdir. Bəşər cəmiyyətinin ilkin dövrlərindən insanlar dilin işığına toplaşmış, öz dilləri ilə kimliklərini təsdiq etmişlər. Doğma ana dilini hansı xalq qoruyub saxlaya bilmişsə, bunun sayəsində əsrlərin qaranlıqlarından, tarixin labirint yollarını adlayaraq bu günədək gəlib çıxa bilmişlər. Mənsub olduğumuz Azərbaycan xalqının da dili qədim və zəngin bir dildir. Bu dilin qədimliyi xalqımızın yaranış tarixi ilə ölçülür. Daha doğrusu, millətimizi bir xalq olaraq bu dil doğurmuşdur. Qeyrətli vətən oğullarımızın sayəsində dilimiz bu gün də yaşayır. Bu dil neçə-neçə qüdrətli sərkərdənin, söz, fikir və əqidə bahadırlarının, Nəsiminin, Xətayinin, Füzulinin, M.P.Vaqifin, M.F.Axundzadənin, C.Məmmədquluzadənin, S. Vurğunun, Heydər Əliyevin dilidir. Bu dil bütövlükdə o taylı, bu taylı soydaşlarımızın dilidir. Böyük bir ədəbiyyatın dilidir. Müsiqimizin və mədəniyyətimizin dilidir.

Təəssüflər olsun ki, tarixən dilimizə qarşı təzyiqlər də olmuşdur. Bu yolla xalqımızı yox etmək, tarix səhnəsindən silmək kimi çirkin bir missiyanı həyata keçirməyə çalışmışlar. Lakin bu niyyətə çata bilməyən düşmənlərimiz dilimizi gözdən salmaq, onun işlənmə dairəsini məhdudlaşdırmaq yollunda dəridən- qabıqdan çıxmışlar. İlk dəfə XVI yüzildə dövlət dili kimi rəsmi status alan Azərbaycan dili Azərbaycan Cümhuriyyətinin də dövlət dili olmuşdur. Bu gün isə müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi rəsmi bir ünsiyyət vasitəmiz olaraq bütün səviyyələrdə işlənir.

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Bu istiqamətdə gərgin müzakirələr aparıldı. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bu bir siyasi məqsədə dayanırdı. Xalqlar Həbsxanası sayılan Sovet Rusiyası ruslaşdırma siyasəti aparırdı. Bununla da tərkibində olan millətləri əritmək, yox etmək siyasəti yeridirdi. Buna qarşı gəlmək üçün siyasi iradə və cəsarət lazım idi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə cəsarət etmirdilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ana dili dövlət atributlarımız olan bayraq, gerb, himn kimi müqəddəsdir. Hətta özündə çox böyük mətləbləri simvolizə edir.

Dövlət dili uğrunda daim mübarizə aparan Ümummilli lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Görkəmli dövlət xadimi SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların, mətbuat orqanlarının tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Qeyd edək ki, Ulu öndər özü də doğma dilimizdə mükəmməl danışır, ən gözəl nitqlərini məhz bu dildə söyləməklə sözün əsl mənasında milli bir vətəndaş mövqeyi ortaya qoyurdu.

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı ölkənin ziyalıları, alimləri, qələm adamları qarşısında məsələ qaldırmış, müzakirə nəticəsində müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması fikri irəli sürülmüşdür.Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, müasir durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair göstərişlər vermişdir. Ümummilli lider Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında daim çox maraqlı və yaddaqalan fikirlər söyləmişdir. Tariximizinyaddaşında daim qalacaq bu sözlər bu gün də dilimiz haqqında ən qiymətli fikirlərlə birgə işlədilir.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

“Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.

Ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və ən əsası milli dilimizə olan tükənməz sevgisi xalqımızın müasir tarixi qarşısında müstəsna bir xidmətdir. Daim vətənimizə, milli rəmzlərimizə, adət-ənənələrimizə bütövlükdə dəyərlərimizə diqqət, qayğı, sonsuz sevgi və sayğı onun amalı, bizim isə bir vətəndaş məfkurəmiz olmuşdur və nə qədər ki Azərbaycanımız var bitməz və tükənməz olaraq qalacaqdır.

Kamil Səbzaliyev

Xəzər rayonu, 26№ li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə