Millətin varlığı və qürur mənbəyi onun Ana dilidir

Millətin varlığı və qürur mənbəyi onun Ana dilidir

Dil bəşər tarixinin, insan dühasının ecazkar və hikmətli kəşflərindəndir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Hər bir xalq öz hisslərini və fikirlərini, təbiəti və cəmiyyəti idrak prosesindəki kəşflərini dil vasitəsilə ifadə edir və başqa xalqlara çatdırır. Dil hər bir xalqın müqəddəs və tükənməz mənəvi xəzinəsidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.

Azərbaycan dili qədim tarixli dillərdəndir və uzun inkişaf yolu keçib. Azərbaycan dili fikrin və hissiyyatın ən incə çalarlarını ifadə etməyə qadirdir. Azərbaycanın gələcəyi üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli inkişafına daim çalışmış, onun saflığı dövlət dilinə çevrilməsi, zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərdən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir. Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

Ulu Öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin tarixində, bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyacaq tarixi təşəbbüslə çıxış etmişdir. Beləki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu. Azərbaycan dilini vurğunluqla, məhəbbətlə, aydın nitqlə təbliğ edən Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində şəxsi nümunəsi ilə ana dilimizi qoruyub saxlamaqla, inkişaf etdirməklə öz məqsədinə çatmışdır. Dahi lider böyük məharətlə Azərbaycan dilini dünya arenasına çıxara bildi. BMT-də, Avropa Şurasında, eləcə də bir çox mötəbər məclislərdə Azərbaycan dilində etdiyi nitqlər həm əzəmətli səslənir, həm də dinləyicini cəlb edə bilirdi. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud problemlər də geniş təhlil edilmiş, onların həlli yolları göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması ulu öndər Heydər Əliyevin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir. Əlifbamızın ayrılmaz can dostu doğma ana dilimizdir. Heydər Əliyev bütün zamanlarda ana dilimizin xilaskarı kimi fəaliyyət göstərib. Heydər Əliyevin uzaqgörənliyi, doğma dilimizə övlad yanğısı və münasibəti təkcə Azərbaycanda deyil, bütün türk dünyasında rəğbətlə qarşılandı.

Aydındır ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, xalqın sərvətidir. Xalqımızın əsrlər boyu çəkdiyi əzab-əziyyətlər, ona edilən təzyiqlər dilimizdən də yan keçməmişdir. Ancaq bütün təzyiqlərə, hücumlara baxmayaraq xalqımız dilimizin saflığını, şirinliyini qoruyub saxlamış, bugünkü nəslə ərməğan etmişdir.

Adil Əliyev

Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə