Pantomim aktyorunun Bakı sərgüzəşti - FOTOREPORTAJ

Pantomim aktyorunun Bakı sərgüzəşti - FOTOREPORTAJ

Dünyanın bir çox şəhərlərində küçə sənəti inkişaf etsə də hələ Azərbaycanda bu sənətlə bağlı çox az nümunələrə rast gəlirik. Küçə sənəti dedikdə bir çox insan bunu anlamır. Düşünürlər ki, küçə sənəti nədir axı? Bundan nə əldə etmək olar? Lakin bu işlə məşğul olanlar bundan mənfəət əldə etmək üçün deyil, məhz öz işlərinə olan sevgilərinə görə məşğul olurlar.

Küçə sənəti ilə məşğul olan pantomim aktyoru Fərhad Kılıç da öz işini sevgi ilə həyata keçirir. Bakının mərkəzi küçələrindən biri olan "Tarqovı"da elə bu sənətlə hər kəsin diqqətini özünə çəkməyi bacarıb.

“13 yaşımdan etibarən küçələrdə rəqs edirəm. Hazırda dünya səyahətindəyəm”. Bu fikirləri SİA-ya xoş söhbət zamanı pantomim aktyoru Fərhad Kılıç bilirib.

Fərhad Kılıç əslən türkiyəli olsa da ölkəmizə gəldiyi gündən heç yadlıq hiss etmədiyini vurğulayıb. 1 həftədir Bakıda olan Fərhat Kılıç bildirib ki, Bakının tamamilə sənət şəhəri olduğunu düşünmürdüm: "Şəhər sakinlərinin böyük bir maraqla məni izləyəcəyini düşünməmişdim. Burada insanlar çox səmimi və alicənabdırlar".

Uşaqlıq arzusunu həyata keçirən Fərhad Kılıç Bakıya səyahət etmədən əvvəl dünyanın bir çox ölkələrini ziyarət etmiş, öz sənətini böyük bir həvəslə icra etmişdir: "Bakı mənim səyahət etdiyim 27-ci şəhərdir. Buradan əvvəl Macarıstan, Fransa, Çexiya, Almaniya kimi bir çox ölkələrdə olmuşam. Avropa ölkələrini gəzdikdən sonra Bakıya gəldim".

Uşaqlıqdan etibarən sevdiyi sənətlə məşğul olduğu üçün məktəbi yarımçıq qoymağa məcbur olduğunu bildirib: "Uşaqlıq xəyalımı yerinə yetirdiyim üçün xoşbəxtəm. Yaşadığımız dövrün Çarli Çaplini olmaq kimi bir xəyalım var. Bütün dünyaya özümü tanıtmaq istəyirəm".

Azərbaycandakı səfərini başa vurduqdan sonra Gürcüstana, daha sonra isə Asiya ölkələrinə səyahət etməyi planlaşdırdığını bildirən Fərhad Kılıç bildirib ki, hələ ki dünya səyahətində olduğum üçün ölkəmə dönməyi fikirləşmirəm: "27 yaşında xəyallarımın arxasından getməyə davam edirəm. Ölkəmə 10 il sonra getməyi planlaşdırıram".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə