Soyunmaq və bədənini nümayiş etdirməyə ehtiyac yoxdur - SORĞU - CƏMİYYƏTİN BAXIŞI

Soyunmaq və bədənini nümayiş etdirməyə ehtiyac yoxdur - SORĞU - CƏMİYYƏTİN BAXIŞI

Son illərdə Azərbaycan televiziyalarında yayımlanan verlişlərin bir çoxunda peşə etikasına əməl olunmur. İntellektual və estetik məsələlərə həsr olunmuş verlişlər olsa da, belə buraxılışların sayı getdikcə azalmaqdadır. Lakin bir sıra tele-kanallar var ki, onların yeterincə maarifləndirici proqramları mövcuddur. Bəs ölkəmizdə fəaliyyət göstərən kanalların texniki bazası yetərlidirmi? Yayımlanan verlişlərin formatı müasir dövrün tələblərinə uyğun şəkildə yayımlanırmı? Mövzu ilə əlaqədar olaraq paytaxt sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə SİA olaraq onlar arasında sorğu keçirdik.

Şəhər sakini Fərid Əliyev: “Efir mədəniyyətimizin tədricən pozulması ciddi problemdir. Televiziya cəmiyyətin güzgüsü hesab olunur. Yəni bu vasitə ilə insanlar bir növ tərbiyələndirilir. Hətta deyə bilərəm ki, efirlərdə təkcə aparıcılar deyil, eyni zamanda müğənnilər də özlərini apara bilmir. Təkcə danışıqlarında deyil, eyni zamanda xarici görkəmlərində də ciddi şəkildə pozuntular var. Şəxsən mən keçmiş zamanlardakı kimi senzuraların yenidən tətbiq olunmasının tərəfdarıyam. Çünki bir çoxları sərbəstlik faktoru ilə digər amilləri səhv salır”.

Şəhər sakini Elnur Qənbərov: “Hal-hazırda efirlərə çxan 80% insan özünü reklam etməklə məşğuldur. Yəni bu bir növ piar xarakteri daşıyır. Lakin bu belə olmamalıdır və bir sıra şeylər var ki, onlar kökündən dəyişdirilməlidir. Misal olaraq birinci olaraq geyimlər yəni geyimlər normasında istifadə olunmalıdır. Mətbuat azadlığı adı altında istədiyini etmək olmaz. Çünki bütün xalq və digər dövlətlər bizim mediamızı və televiziyamızı izləyir. Daha sonra efir danışıqları ədəbi dilimizə uyğun olaraq istifadə olunmalıdır. Ancaq bugünkü gün bunlara əməl olunmaması mədəniyyətimizin yox olmasına səbəb olur”.

Şəhər sakini Cəbrayıl Dağlı: “Düzünü desəm, mən yerli televiziyalarımızı izləmirəm. Bunun əsas səbəbi isə mənim maraq dairəmə uyğun verlişlərin olmamasıdır. Demək olar ki, bizim tv-lərin əksəriyyəti ya itirənləri axtarır, ya da ailə problemlərini üzə çıxarır. Bu da kiminsə nə dünyagörüşünü, nə də intellektual səviyyəsinin artmasına səbəb olmur. Onlar bizə heç bir xeyr vermirsə bəs biz nəyə görə bu efirləri izləyərək, onlara auditoriya qazandıraq. Yadda saxlamaq lazımdır ki, bu həyatda hər şey qarşılıqlıdır”.

Şəhər sakini Ziya Bəşirov: “Televiziya verlişlərimizin bu səviyyədə olmasının bir neçə səbəbləri var. Bunun başlıca səbəbi odur ki, birinci növbədə hər özünü müğənni adlandıran insanların müəyyən məbləğ hesabına efirlərə buraxılmasıdır. Əgər bir insanın savadı yoxdursa onun nə efir danışığı, nə də efir mədəniyyəti olacaq. Nə qədər ki, bizim efirlərdə bayağı müğənnilər yer alacaq, ona kimi də bizim efirlərimizin səviyyəsi aşağı olacaq. Həmçinin də aparıcılar. Bu gün başqa sahənin insanlarına efir həvalə olunursa təbii ki, proseslər də düzgün olmayacaq”.

Şəhər sakini Arzu Əliyeva: “Mənim fikrimcə, əgər düzgün qaydalar tətbiq olunsa, bizi narahat edən problemlər aradan qalxar. Dünya inkişaf edib, yeniləndikcə biz əksinə olaraq inkişaf edirik. Əgər köklü dəyişiklik etmək istəyiriksə birinci təmizlənmə işlərindən başlanılmalıdır. Çünki tək aparıcılar deyil, eyni zamanda adlı-sanlı və müəyyən vəzifədə olan insan da çıxış edərkən dilimizin qaydalarına uyğun olmayan şəkildə fikirlərini bildirir. Bunun özü də böyük bir problemdir. Ona görə də müəyyən qurumlar bununla bağlı tədbir görməli və cəmiyyəti narahat edən amilləri aradan qaldırmalıdır”.

Şəhər sakini Ceyhun Fətəliyev: “Düşünürəm ki, efirlərimiz getdikcə korlanır. Bu korlanmaya səbəb olan amillərdən biri isə verlişi aparan və dəvət olunan şəxslərin düzgün etika normalarına əməl etməmələri və gündəlik istifadə etdikləri paltarlarla efirə çıxmalarıdır. Yəni açıq-saçıq geyinmək gözəl görünmək demək deyil. Biz müsəlman ölkəsində yaşayırıq. Müasir olmaq və özünü Avropaya bənzətmək adı ilə soyunmaq və bədənini nümayiş etdirməyə heç bir ehtiyac yoxdur”.

Şəhər sakini Rəşid Abdullayev: “Mən Azərbaycan televiziyalarını izləmirəm. Fikrimcə, efirlərimiz Sovet dövründə təşkil olunduğu kimi olsa daha yaxşı olar. Əvvəllər bizim verlişlərdə etik normalara, geyimə və digər qaydalara əmələ olunurdu. Lakin indi hər şey getdikcə itir. Məncə bunlar bərpa olunmalıdır. Əgər bunlar bərpa olunsa inan ki, efirlərimiz daha baxımlı və daha səviyyəli olar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə