İndiki gənclər pulsuz nə görürlərsə, onu əldə etmək istəyir - SORĞU - ŞƏHƏR SAKİNLƏRİ

İndiki gənclər pulsuz nə görürlərsə, onu əldə etmək istəyir - SORĞU - ŞƏHƏR SAKİNLƏRİ

Dünən məşhur blogger Hüseyn Həsənov Bakıya səfər edib. Məşhur bloggeri görmək üçün minlərlə insan ticarət mərkəzinə axın ediblər. Yaranan izdiham sosial şəbəkələrdə birmənalı qarşılanmağa başladı. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Şəhər sakini Gülxar Qəhrəmanova: “İndiki gənclərin axırı heç yaxşı yerə getmir. Bizim vaxtımızdakı gənclər bu cür deyildilər. İndiki gənclər pulsuz nə görürlərsə, onu əldə etmək istəyirlər. Bu biabırçılıqdır”.

Şəhər sakini Saleh Salehli: “Fikrimcə, indiki gənclər populyarların, bloggerlərin arxasınca getməyə çalışırlar. Onlar düşünmürlər ki, bunun axırı hara gedir. Bildiyimiz kimi dünən məşhur blogger Bakıya gəldi və ona görə böyük bir izdiham yaranmışdı. Bu, ilk növbədə indiki pandemiya şəraitini nəzarətə alsaq, çox böyük bir təhlükədir. Koronavirusa yoluxma sayı azalsa da, hələ də təhlükə qalmaqdadır. Ora yığışanların böyük bir qismi gənclər idi. Düşünürəm ki, bu çox yersiz idi. Çünki gənclər pulsuz “iphone”na görə yığışmışdılar. Həmin blogger də gələndə heçnə hədiyyə vermədən getdi”.

Şəhər sakini Günel Əliyeva: “Hər hansı bir məşhur bloggerin yerinə şəhid anası gəlir və ya hər hansı bir uşaq üçün kampaniya keçirilir desələr, dünənki kimi izdiham yaranmazdı. Dünənki blogger Hüseyn Həsənov xaricdə bizi təmsil edir. Amma, 44 günlük Vətən müharibəsində həmin şəxs sadəcə bir paylaşım etdi. Hazırda keçmiş unuduldu. Minlərlə insan sırf pulsuz “İphone”a görə ora yığışdı və bu çox acınacaqlı bir haldır”.

Şəhər sakini Ələsgər Fətullayev: “İndiki gənclərin axırı yaxşı yerə getmir. Çünki onlar nə etdiklərini bilmirlər. Bizim dövrümüzdə gənclər artıq işləyirdi, ailə saxlayırdılar. Amma indikilər bunların heç birini düşünmürlər. Öz üzərilərinə öhdəlik, məsuliyyət götürmürlər”.

Şəhər sakini Xədicə Abbaslı: “Ora toplaşanların demək olar ki, hamısı pulsuz “iphone” qazanmağa gəlmişdilər. Hansı ki, adi bir endirim olanda insanların ölümü ilə nəticələnən izdihamlardan biridir. Hazırda indiki gənclər elə bir haldadır ki, hər şeyi hazır əldə etmək istəyirlər. Bu heç də düzgün bir yanaşma deyil”.

Şəhər sakini Məhəmməd Mahmudzadə: “Dünənki izdiham çox mənasız idi. Çünki indiki gənclər hər şeyi hazır əldə etmək istəyirlər. Əziyyət çəkib, pul qazanmaqdansa boş-boş gəzməyi üstünlük tuturlar. Bu, heç düzgün deyil. Belə etməklə indiki gənclərin axırı heç də yaxşı yerə getmir”.

Şəhər sakini Tükəzban Quliyeva: “İndiki cavanlara söz tapa bilmirəm. Pulsuz telefona görə özlərini nə hala saldılar. İndikilər sanki ailə tərbiyəsi görməyiblər. Bu çox acınacaqlı vəziyyətdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə