Hər yeri göbələk kimi basan "POZ QAZAN" LOTEREYALARI - SORĞU

“Topaz”, “Poz Qazan” və s. digər lotereyalar xalqı soymaqla məşğuldur

Son aylarda ölkəmizin demək olar ki, hər yerində fəaliyyət göstərən "Poz, qazan" ani lotereyasına olan maraq durmadan artmaqdadır. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail oldu. Qeyd edək ki, bu oyunlar “Azərlotereya” ASC tərəfindən keçirilir. Mövzu ilə əlaqədar olaraq SİA milli məclisin deputatının və Jurnalist Ekspert Mərkəzinin sədrinin fikirlərini öyrənib.

Milli Məclisin Deputatı Tahir Kərimli: "Keçmiş zamanlarda insanlar heyvan sümüklərini yığaraq "aşıq-aşıq" oyunundan istifadə edirdilər. Təbii ki, bu oyunların özündə də qumar elementi var idi və insanlar oyunda qalib olmaq üçün bir-birilərini "əzib" keçirdilər. Buradan da məlum olur ki, insanların keçmiş zamanlardan qumara həvəsi olub. Qumar mahiyyəti daşıyan hər bir oyun və ya lotereyalar insan psixologiyasına ciddi şəkildə təsir edir. Çünki insan uduzduğu zaman əsəbləşir və onda aqressiya yaranır. Bunun nəticəsi olaraq da insan uduzmaq istəmir, uduzduğu zaman da bunun qisasını çıxmaq üçün yenidən oynayır. Qumar oyunu da təşkil edən insanlar bu proseslərin hər birini yaxşı bilir. Çox təəssüflə qeyd etmək istərdim ki, hətta Sovet dövründə də bu cür lotereyalar oynanılırdı. Düşünürəm ki, insan bəxtinə güvənib hərəkət etməkdənsə işləyib zəhmət çəkib daha sonra bəhrəsini görməlidir. Müstəqillik dövründə ölkəmizdə lotereya barədə qanunvericilik müəyyən olunub. Fikrimcə, bu qanunda ciddi şəkildə dəyişikliklər olunmalıdır. Xüsusən də Azərbaycanda bu cür oyunlara yer verilməməli, insanlar zəhmətsiz gəlirlərə alışdırılmamalı və psixologiyamızda dərin çatlara səbəb olan qumarlar yığışdırılmalıdır. İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar. Keçmiş dönəmlərdə bizim ölkəmizdə kazinolar fəaliyyət göstərsə də müstəqillik əldə etdikdən sonra bunların hər biri aradan qaldırıldı. “Topaz”, “Poz Qazan” və s. digər lotereyalar xalqı soymaqla məşğuldur. İnsanların başını belə şeylərlə qarışdırmaq olmaz. Mən bütün belə lotereyalara qarşıyam. Çünki bu bizim ölkəyə yaraşan bir sistem deyil. Ona görə də bir mənalı şəkildə bu sistem ləğv edilməlidir”.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: “Hal-hazırda fəaliyyət göstərən bütün lotereyalar qumar xarakteri daşıyır. Bugünkü gün bu mövzu çox aktualdır. Hər kəsin bildiyi kimi bizim ölkədə qumar oyunlarının təşkil olunması və həyata keçirilməsi bir mənalı olaraq qadağandır. Bununla əlaqədar olaraq da ölkəmizdə kazinolar fəaliyyət göstərmir. Mənə çox maraqlıdır ki, bu cür lotereyaları həyata keçirən və fəaliyyətini izləyən bir qurum varmı? Bildiyim qədəri ilə bunların hər birinə "Azərlotereya" ASC baxır. Bu oyunlar sayəsində insanlar külli miqdarda pul uduzur. Bu qumarların hər biri dayandırılmalıdır. Bu oyunlar qumar xarakteri daşımaqla yanaşı eyni zamanda təhlükəli təbliğat mahiyyəti daşıyır. İnsanlar öz qazancını bəxtinə bağlamamalı, əziyyət çəkib millətinə və vətəninə xeyrili bir vətəndaş olmalıdır ki, bunun nəticəsini də görsün. Təbii ki, dövlətimizdə bu cür inkişaf edərək, fəaliyyət göstərir. Yoxsa gedib 1-2 manatlıq kart alaraq, oradan küllü miqdarda pul udmaq fikri olduqca absurtdur. Mənim tanıdığım o qədər insan var ki, maaş alan kimi gedib lotereya alıb pozur sonra atır və bu proses daimi olaraq belə davam edir. Kimdir bu insanların cibinə girən? Bunun qarşısı tamamilə alınmaldır. Əgər mətbuat geniş şəkildə bu məsələni yayımlasa biz bu kimi hadisələrin üstəsindən layiqincə gələcəyik. Çünki heç bir dövlətə vətəndaşını aladıb, pulunu əlindən alan qurumlar lazım deyil”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə