Gürcüstan Müsəlmanları İdarəsi iftar süfrəsi verib

Gürcüstan Müsəlmanları İdarəsi iftar süfrəsi verib

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) müqəddəs Ramazan ayında paytaxt Tbilisidə iftar süfrəsi təşkil edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran və Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfirləri, Qazaxıstan səfirliyinin əməkdaşları, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin İdarə heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Zaza Vaşakvadze, Gürcüstan Patriarxlığının nümayəndəsi Arçil Ata, müftilər, paytaxt Tbilisi, eləcə də Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından gəlmiş din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində müqəddəs Qurani-Kərimdən ayələr və iftar duası oxunub.

Sonra GMİ-nin şeyxi hacı Ramin İgidov 11 ayın sultanı olan Ramazanın ehtiva etdiyi nəcib işlərdən danışıb, bu ay ərzində ədalət, saf niyyət və birlikdən söhbət açılıb. Şeyxin sözlərinə görə, iftar məclisində müsəlman, xristian dinini təmsil edən insanların dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşması ölkələrimiz və xalqlarımız arasında tarixən formalaşmış sarsılmaz dostluq və qardaşlıq tellərinin bariz nümunəsidir.

Dini Məsələlər üzrə dövlət agentliyinin sədri Zaza Vaşakmadze Baş nazir İrakli Qaribaşvili və öz adından tədbir iştiakçılarını müqəddəs Ramaza ayının başlanması münasibətilə təbrik edib.

Gürcüstanda dini icmalara göstərilən dövlət qayğısından danışan Z.Vaşakmadze rəhbərlik etdiyi agentliyin həm ölkə daxilində, həm də qonşu dövlətlərlə münasibətlərdə dinlərarası harmoniyanın təşviqinə çalışdığını bildirib.

Daha sonra GMİ-nin şərqi və qərbi Gürcüstan üzrə müftiləri Etibar Eminov, Adəm Şantadze, patriarxlıq adından Arçil Ata çıxış edərək iştirakçıları salamlayıb, mübarək Ramazan günləri münasibəti ilə öz ürək sözlərini bildirib, ölkə və dünya müsəlmanlarına təbriklərini və xoş arzularını çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə