Prezident görülən işləri müsbət qiymətləndirdi - DEPUTAT ŞƏRH ETDİ
"2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə cənab Prezident görülən işlərə qiymət verib və qarşıda duran vəzifələri hökumətimizə bəyan edərək xalqımıza da bu barədə geniş məlumat verib. Cənab Prezident 2022-ci ilin birinci rübünün iqtisadi göstəricilərini təhlil edərək bunu çox müsbət bir dinamika adlandırdı. Xüsusilə post-pandemiya dövründə ötən illərlə müqayisədə xeyli irəliləyişin olduğunu, ümumdaxili məhsulun 6,8 faiz artdığını, qeyri-neft sektorunda isə bu artımın 10 faizdən çox olduğunu, qeyri-neft sənayesində isə 18 faizdən çox olduğunu qeyd etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, eyni zamanda xarici ticarət balansının müsbət saldoda olduğunu və birinci rübdə 5,1 milyard manat əlavə Azərbaycanın müsət saldosu olduğunu qeyd etdi: "Bununla yanaşı Azərbaycanın xarici borcunun 18%-dən 12,5%-ə qədər azalması da iqtisadiyyatımızın güclü göstəricisidir. Dövlət başçısı müşavirədə xüsusi diqqəti post-müharibə dövründə görülən işlərə və görüləcək planlara yönəltdi. Ötən il ərzində bizim əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və əsas infrastruktur layihələrinin hazırlanması idi. Biz bu işləri böyük müvəffəqiyyətlə yerinə yetirdik. Bununla yanaşı həmçinin mövcud reallığı dünya birliyinə çatdırmaq və qəbul etdirməkdən ibarət idi. Artıq münaqişə bitib. Dağlıq Qarabağ adlı məfhum yoxdur. Bundan sonrakı proseslər sərhədlərin delimitasiyası, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, dəhlizlərin açılması olacaq. 2022-ci ildə bizim qarşımızda olduqca böyük vəzifələr durur.
Cənab Prezident bu işlərin istiqamətlərini və həcmini vətəndaşlarımızın diqqətinə çatdırdı. İlk növbədə baş planı hazır olmayan rayon mərkəzlərinin baş planı hazırlanacaq. Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi tamamilə başa çatıb. Eyni zamanda bu il Zəngilanda hava limanının açılışı da nəzərdə tutulur. Bu da çox böyük hərbi, siyasi və iqtisadi əhəmiyyət daşıyan bir məsələdir. Yolların çəkilməsi, körpülərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin çəkilməsi bu ilin qarşıda duran ciddi məsələlərdən biridir. Bununla yanaşı Qarabağda və Şərqi Zəngəzurda ermənilər çaylar üzərində olan 30-dan çox kiçik su-elektrik stansiyalarını dağıdıblar. Bunların bərpası qarşıda duran məqsədlərdəndir. Bunlarla yanaşı günəş və külək su-elektrik stansiyalarının qurulması vacib şərtlərdən biridir. Cənab Prezident İlham Əliyev eyni zamanda İran üzərindən Zəngilan və Naxçıvanı birləşdirəcək körpüləri salınması və quru yollarının çəkilməsinin vacibliyini qeyd etdi. Bütövlükdə cənab Prezident görülən işləri müsbət qiymətləndirdi".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB