Musiqi sərhədsiz bir amildir. Hər bir musiqi insanın həyatına, onun duyğularına və düşüncələrinə təsir edir. İnsanın hər anında musiqi ona məlhəm olur, dərdini, sevincini, kədərini məhz musiqi ilə ovuda bilir. Lakin söhbət əsl musiqidən gedirsə. Təəssüf ki, bu gün dinlədiyimiz musiqilərdə bayağılıq, bəsitlik, söz kasatlığı açın-aydın şəkildə hiss olunur. Bəs bunun səbəbi nədir? Nəyə görə müasir dövrdə inkişafdan daha çox musiqi baxımından geriyə gedirik? Şəhər sakinlərinin təəssüratlarını öyrənmək məqsədi ilə SİA onlar arasında sorğu keçirib.

Şəhər sakini Qismət Rüstəmov: “Əvvəllər bu cür mahnılara “ara mahnılar” deyilirdi. Müasir dövrümüzdə isə bu kimi mahnılar üzə çıxarılaraq nümayiş etdirilir. Bunun əsas səbəbi sosial şəbəkələrdə belə mahnıların nümayiş etdirilməsidir. Ancaq bu hal təkcə bizdə deyil, bütün dünya ölkələrdində də baş verir. Yəni həmin ölkələrin tredlərinə də baxsaq görərik ki, yüngül jarqonlardan istifadə olunmuş musiqilərdir. Amma belə mahnlıların təbii ki, qarşısını almaq mümükün deyil. Yalnız o cür "mahnıların" yerinə sanballı və həqiqətən də musiqi adına layiq olan mahnıları işıqlandırmaqla insanlara nümayiş etdirmək olar ki, öz zövqlərini formalaşdırsınlar. Dinləyici istehlakçı qüvvədir. Əgər müqayisə müstəvisi yaransa tarazlıq əmələ gələr”.
Şəhər sakini Tərlan Nürəddinov: “Mən özüm bayağı mahnıları dinləmirəm. Lakin belə mahnıları dinləyənlərə də pis baxmıram. Çünki bu istək və zövq məsələsidir. Son illərdə dinləyicisi çox olan mənasız mahnılar çoxalır. Düşünürəm ki, bunun əsas səbəbi musiqi baxımından inkişafın olmamasıdır. Əgər digər sahələrimizdə olan inkişaf azda olsa musiqimizdə öz əksini tapsa bu kimi halların qarşısı alınar”.

Şəhər sakini Cəmilə İsmayılova: “Məncə, musiqi ilə məşğul olmaq istəyən hər bir insanın savadı olmalıdır. “Youtube" platformasında hər bir mahnının trendə düşməsi onun yaxşı olmasını sübut etmir. Müasir zamanda çox mahnılar insanların yadında qalmır. Bu da bir daha onu sübut edir ki, həmin mahnılarda istifadə olunmuş ifadələr mənasızdır. Mən özümdə musiqi ilə məşğul oluram. Əgər yerindən duran biri musiqi oxuyub məşhur olursa, musiqi sahəsindəki səviyyəmiz də bundan artıq olmayacaq. Düşünürəm ki, belə mahnılar çoxaldıqca, musiqi zövqlərimiz daha da korlanacaq”.
Şəhər sakini Aytən Abbasova: “İndiki dövrdə gənclərimiz daha çox xarici mahnılara üstünlük verirlər. Bunun əsas səbəbi xarici dili daha yaxşı öyrənməkdir. Mən özümdə daha çox xarici musiqiləri dinləyirəm. Bizim ölkədə fəaliyyət göstərən yerli müğənnilərimizin yaxşı mahnıları olsa da, onlarla bərabər bayağı musiqiləri olan ifaçılarımız da az deyil. Düşünürəm ki, belə mahnıların az olması daha yaxşıdır”.

Şəhər sakini Tacir İsgəndərov: “Fikrimcə, təkcə pop musiqilərində deyil, eyni zamanda replərimizdə də bayağı sözlərdən və ifadələrdən istifadə olunur. Belə halların yaşanması heç də yaxşı hal deyil. Çünki bir vətəndaş olaraq bu cür mahnıları eşitmək məni narahat edir. Əgə belə mahnıları dinləyənlər olmasa, elə ifaçılar sıradan çıxar və bir daha belə mahnılar ərsəyə gəlməz".

Şəhər sakini Rizvan Yaqubov: “Keçmiş vaxtlarda da bayağı mahnılardan geniş şəkildə istifadə olunur. Lakin indiki dövrdə belə mahnıların çoxluq təşkil etməsi, insanlarda həmin musiqilərə və musiqiçilərə qarşı nifrət oyadır. Mən deyə bilmərəm ki, bu cür mahnılar yayımlanmasın. Çünki belə mahnıların yetərincə kütləsi və dinləyicisi var. Ona görə də kimə hansı janr və hansı musiqi xoşdursa onu da dinləsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB