Mövsümlə əlaqədar olaraq havalar isinməyə başlayır. Normal olaraq insanlar qış geyimlərindən çıxıb yaz-yay geyimlərinə keçir. Lakin müasir gənclərin bir çoxu yay geyimlərini açıq-saçıq geyimlərlə qarışıq salırlar. İsti havalarla əlaqədar olaraq nazik, pambıq materialından geyimlər geyinmək olduqca normal haldır. Amma bu, o demək deyil ki, geynim normalarını pozaraq açıq-saçıq geyimək lazımdır. Bəs, görəsən, şəhər sakinlərinin gənclərin bu cür geyimlərinə münasibəti necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdir:
Şəhər sakini Əli Məmmədov: “Müasir gənclik bizim gələcəyimizdir. Amma bəzi mövzularda etik normaları gözləmək lazımdır. Həmçinin, geyim normalarına da riayət etmək lazımdır”.
Şəhər sakini Arzu Həsənova: “ Hər kəs necə istəyir elə də geyinir. Bu, normal haldır. Amma geyinərkən də etik normalara əməl etmək lazımdır. Müasirlik açıq-saçıqlıq demək deyil, abır-həya etmək lazımdır. Hər şeyin qaydası var”.
Şəhər sakini Aytən Quliyeva: “ Məncə bunlar ailədəki tərbiyədən irəli gəlir. Çox güman ki, evdə valideyn necə tərbiyə edirsə, bu, övladın geyiminə də təsir edir. Hətta küçədə bu cür geyimlə gəzən gənclər görəndə düşünürəm ki, görəsən, evdən çıxanda özünə ayna qarşısında baxır? Gənclərin müasir olması bizi sevindirir. Amma bu, müasirlik deyil, bu, eybəcərlikdir”.
Şəhər sakini Kəbirə Bayraqdarova: “Zəmanə dəyişib. Məncə, müasirlik böyüyə hörmətdə, kiçiyə davranışda özünü göstərməlidir. Bizim dövrümüzdə, əlbəttə, qısa geyimə yaxşı baxılmırdı. Amma zəmanə dəyişib deyə indi normal baxırlar. Mənim münasibətim pis deyil, amma lap da ağını çıxarmaq lazım deyil".
Şəhər sakini Svetlana Bayramalıqızı: "Elə gənclər var ki, lap qısa geyinirlər, tül parçadan köynək geyinirlər, cavan oğlanlar geyimlərini düzgün seçə bilmirlər. Yayın gəlməsi o demək deyil ki, yarıçılpaq şəhərdə gəzə bilərsən. Bizim mentalitetimizdə belə şeylər yoxdur".
Şəhər sakini Afət Əzimova: "İndiki gənclər bir az aqressiv olurlar, adam söz deməyə belə çəkinir. Düzdür, bunları bütün gənclərə şamil etmək olmaz. Amma düşünürəm ki, gənclər bir az müasirlik anlayışını yanlış başa düşüblər. Ola bilər ki, yay ayları isti keçsin. Bunun üçün nazik geyinə bilərlər".
Şəhər sakini İlqar Bağırov: "Bizim gənclərin geyimi mənim heç xoşuma gəlmir, düzgün geyinmirlər. Bu, müasirlik deyil. Müasirlik beyinlə də ölçülə bilər, mütləq deyil ki, geyimlə ölçülsün. Avropadan başqa şeyləri də öyrənə bilərik. Təkcə geyim tərzini Avropadan götürmək düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB