"Ramazan ayının simvolu olan xurma insan orqanizmi üçün çox faydalı məhsuldur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova bildirib.
Onun sözlərinə görə, bu xurmanın tərkibinin zənginliyindən irəli gəlir: "İnsan orqanizminin normal fəaliyyəti üçün lazım olan bütün elementlər xurmanın tərkibində var. Gün ərzində uşaqların 3, böyüklərin isə 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, xolestrinin qarşını alır, böyrək iltihabına, daşların təmizlənməsinə yardım edir. Onun tərkibində bir çox vitaminlərlə yanaşı, B qrupunun vitaminləri var və bu insanın sinir sistemini sakitləşdirir. Bu da, öz növbəsində, orqanizmin normal inkişafını bərpa edir. Gün ərzində oruc tutan insanın orqanizmi zəifləyir və mineral maddələrə ehtiyac duyulur. Xurma yemək bu problemləri aradan qaldırır və orqanizmi lazım olan bütün minerallarla təmin edir. Bundan əlavə sahurda yeyilən xurma insanı tox tutur, susuzluğu yatızdırır. İftar zamanı orucu xurma və su ilə açmaq insan orqanizminə toxluq hissi verir və bu zaman iftar zamanı gündəlik qəbul etdiyi qidadan çox yemir. Bununla həm də israfçılığın qarşısı alınır”.
Bütün xəbərlər Facebook səhifəmizdə