İctimai nəqliyyatda gediş haqqı artırılır? - SORĞU - CƏMİYYƏTİN BAXIŞI
Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb. Bəs, avtobuslarda gediş haqqı artırılacaqmı?
SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:
Şəhər sakini Naibə Süleymanova: “Gediş haqqının artırılması heç də düzgün bir fikir deyil. Axı, nəyə görə artırılmalıdır? Heç bir vətəndaş buna razı olmaz. Çünki pandemiya şəraitidir. Biz normal həyata geri dönmək astanasındayıq. Demək olar ki, əhalinin bir qisminin sosial vəziyyəti yavaş-yavaş düzəlir”.
Şəhər sakini Əhməd Niyazov: “Məncə, bununla bağlı ən düzgün qərarı dövlətin özünün verməsidir. Çünki özəl şirkətlər özlərinə sərf etdiyi kimi hərəkət edirlər, qərar verirlər. Əlbəttə ki, onlara gediş haqqının artırılması sərf edir. Onlar vətəndaşı düşünmür. Bu yanlış bir qərardır. İnanıram ki, bununla bağlı İqtisadiyyat Nazirliyi lazımi qərarı verəcək”.
Şəhər sakini Gülər Hüseynova: “Gündəlik həyatda nəqliyyat vasitəsi olaraq avtobus və metrodan istifadə edirik. Belə bir vəziyyətdə gediş haqqının qaldırılması düzgün bir fikir deyil. Bu təklifi qaldıranları şiddətli şəkildə qınayıram. Onlar heç ictimai nəqliyyatdan istifadə etmirlər”.
Şəhər sakini Oruc Quliyev: “Gediş haqqının qaldırılması düzgün deyil. Belə bir dövrdə qiymət artımı baş verərsə, insanlar bir yerdən digər yerə getmək üçün nədən istifadə edəcək? Kimi fikirləşərək bu cür təkliflər irəli sürüblər? Biz nə etməliyik? Çox adamın maşın almağa imkanı yoxdur. Gediş haqqı da qalxsa, biz yolu piyada getməliyik?”.
Şəhər sakini Nuranə Niftəliyeva: “Belə bir dövrdə gediş haqqının qaldırılması heç də düzgün bir qərar deyil. Şəhərin yarsının maşını var, yarsı isə ictimai nəqliyyatdan istifadə edir. İmkanı olmayan maşın ala bilmir. Bu səbəbdən də ictimai nəqliyyatdan istifadə edir. Belə bir halda vətəndaş nə etməlidir? Düşünürəm ki, İqtisayyat Nazirliyi bununla bağlı düzgün qərarı verəcəkdir”.
Şəhər sakini Vüqar Yaqubov: “Heç düzgün bir təklif deyil. Özəl şirkətlər sadəcə özünə sərf edəni edirlər. Bu çox yanlış bir hərəkətdir. Onlar vətəndaşı düşünmürlər. Fikrimcə, aidiyyatı qurumlar bu məsələ ilə bağlı doğru qərarı verəcəklər”.
Şəhər sakini İbrahim İmaməliyev: “Mən tələbəyəm. Şəhərdə yaşasam da, dostlarımın bir qismi rayondan gəlib burada kirayə qalırlar. Ən azından tələbələr nəzərə alınmalıdır. Çünki avtobuslarda, metrolarda gediş haqqının artırılması ilk növbədə tələbəyə sərf etmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB