Enerjimizin 10/100 hissəsini şəkərdən alırıq - MÜTƏXƏSSİS AÇIQLADI

Enerjimizin 10/100 hissəsini şəkərdən alırıq - MÜTƏXƏSSİS AÇIQLADI

“Mütləq şəkildə bilmək lazımdır ki, şəkərin verdiyi zərərlər daha çoxdur, nəinki faydası. Orqanizm həddindən artıq şəkər qəbul etdikdə, xüsusilə də buna süfrədə istifadə etdiyimiz şəkər, qənd qəbul etdikdə şəkər artıq bir çox fəsadlara yol açır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, şəkər birinci növbədə qanda pis xolesterinin səviyyəsini artırır, hormon balansını pozur, xərçəngə tutulma riskini artırır. Bundan əlavə, dişlərdə kariesin yaranmasına, ürək-damar tıxanmasına səbəb olur, immun sistemini zəiflədir. Yağ hüceyrələrinin toplanmasına və piylənməyə səbəb olur. Bunun nətisində də qara ciyər yağlanması müşahidə olunur. Eyni zamanda bu da öz növbəsində orqanizmin erkən qocalmasına səbəb olur. Bütün bunları nəzərə alaraq, bu nüansları diqqətdə saxlamaq lazımdır.

Ümumiyyətlə gün ərzində qadınlar təxminən 25 qram, kişilər isə 35 qram şəkər qəbul edə bilərlər. Lakin bu o demək deyil ki, həm bunu qəbul edirik, həm də qəbul etdiyimiz qidaların tərkibində şəkər olsun. Mütləq şəkildə şəkər qəbulunda həmin miqdarı keçməməyə diqqət etmək lazımdır. Çünki o miqdarı keçdikdə saydığımız xəstəliklərə yol açmış oluruq. Eyni zamanda yaxşı olar ki, biz əgər şəkər qəbul edəcəyiksə, gündəlik qəbul edəcəyimiz meyvələrin tərkibindən də bu şəkəri ala bilərik. Bu şəkildə isə daha faydalı şəkər qəbul etmiş olacağıq. Eyni zamanda bu gün xüsusilə kafe və restoranlarda şəkərlər var ki, biz onu bilmirik. Hətta sadə unlu məmulatların tərkibində belə şəkər istifadə olunur. Buna görə də mütləq şəkildə bunların hər biri nəzərə alınmalıdır. Qidalarımızı mənşəyi bəlli olan yerdən alıb, yemək yeyəcəyiksə, souslar və digər qatqılardan istifadə etməməliyik. Eyni zamanda şəkərdən asılılıq yarandığı üçün ağızda dad reseptorları artıq şəkərdən həzz almağa başlayır. Bundan sonra isə artıq orqanizm şəkəri tələb edir. Bu şəkildə şəkərin zərərlərini saymaqla bitməz.

Amma şəkərdən bir dəfəlik imtina etmək də düzgün deyil. Dediyim kimi, faydalı şəkərlərdən qəbul etməliyik. Çünki gündəlik orqanizmin enerjisinin yüzdə on hissəsini demək olar ki, şəkərlər vasitəsilə alırıq. Əgər lazım olan miqdarda qəbul etməsək, gün ərzində özümüzü yorğun, yuxusuz və gərgin hiss edəcəyik. Amma yenə də şəkərin miqdarına mütləq şəkildə diqqət etmək lazımdır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə