2022- ci il aprel ayının 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü olub. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər təşkil edir.
Görüşdə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti xüsusi vurğulanıb. Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.
Əldə olunan razılaşmaları Ermənistan və Azərbaycan arasında dövlətlərarsı münasibətlərin normallaşması baxımından yeni və dinamik mərhələnin başlanğıcı hesab etmək olar. Görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması barədə razılıq əldə olunub və bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Görüş zamanı həmçinin, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də müzakirə olunub, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb.
Danışıqlar tam olaraq Azərbaycanın diqtəsi və maraqları əsasında aparılıb. Artıq Azərbaycanın yaratdığı reallıqlar əsasında “Brüssel Sülh Gündəliyi” və “Sülh danışıqlarının Brüssel formatı” formalaşıb. Görüşün nəticələri olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha təsbit olundu ki, Ermənistan-Azərbaycan arasında artıq sülh müqaviləsinin üzrə danışıqların başlanılmasına hazırlıq gedir.
Şəfiqə Yaqublu
Xəzər tayonu, 237 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB