Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqınında marağındadır. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında mövcud problemlərin tezliklə həll olunması və tərəflər arasında sülh sazişinin imzalanmasını dəstəkləyir. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Şarl Mişel bəyanatında Ermənistan və Azərbaycan arasında münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Təkcə bu fakt onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalıb, Azərbaycan qalibdir və dünya bölgənin taleyi ilə bağlı qərarlar qəbul edərkən bundan sonra 44 günlük savaşın nəticələrini nəzərə almaq məcburiyyətindədir.
Cənab Mişel bəyanatında qeyd edib ki, hər iki lideri Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib, hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır
Şarl Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirməklə əslində Ermənistanın revanş cəhdlərinin yolverilməz olduğunu vurğulamış oldu. Şarl Mişelin köməkliyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması qeyd edilib. Bu mexanizm gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa və gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər.
Bəyanatdan aydın olur ki, Prezident İlham Əliyev və Baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması kontekstində yerlərdə gərginliyin azaldılması və danışıqlar üçün əlverişli mühitin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır.
Bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilməsi Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir. Digər tərəfdən, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.
Dəmir yol xəttinin çəkilişi bölgənin siyasi xəritəsinə önəmli təsir göstərə bilər. Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi, həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı sıradan məsələ deyil. Bütün bunlar Zəngəzur dəhlizi ilə bağlı prinsipial anlaşmanın mövcudluğunu göstərir. Artıq yaxın gələcəkdə bu dəhlizdən keçən qatarların və avtomobillərin birbaşa Naxçıvana istiqamət ala biləcəyi qətiyyən şübhə doğurmur. Bu yerdə xatırladaq ki, Azərbaycan Prezidenti Əliyev elə həmin gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında bu şəkildə paralel aparmışdı: “Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması...
Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir”.
Ölkə rəhbəri faktiki olaraq, onu nəzərə çatdırıb ki, beynəlxalq ticarət yolundakı rahatlıq Avropaya da lazımdır, iqtisadi maraqlar barədə düşünməkdə fayda var, artıq müharibə arxada qalıb və indi gələcəyə baxmalıyıq.
Ş. Mişelin bəyanatında əksini tapan müddəalar, əsasən, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Gəlinən nəticə budur ki, Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyi bir daha təsbit olundu: Münaqişə arxada qalıb, sərhədlər tezliklə müəyyənləşməlidir, kommunikasiyalar açılmalıdır, itkinlərin taleyinə aydınlıq gəlməlidir, Minsk qrupu prosesdə yoxdur, “Dağlıq Qarabağın statusu” müzakirə mövzusu deyil...
Sürəyya Bayramova
Xəzər rayonu, 121 tam orta nömrəli məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB